Ölkəmiz strateji əməkdaşlıqda nümunədir
Siyasət

Ölkəmiz strateji əməkdaşlıqda nümunədir

Bütün beynəlxalq və regional məsələlərə münasibətdə norma və prinsiplər çərçivəsində ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı əlaqələrə üstünlük verən Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir. Ölkəmiz siyasi, iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə əməkdaşlıq etdiyi Avropa İttifaqı kimi nüfuzlu qurumla diplomatik münasibətlər, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında qurduğu əlaqələri gündən-günə inkişaf etdirir və daha da möhkəmləndirir.

1996-cı il aprel ayının 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmış və ümummilli lider Heydər Əliyevin imzaladığı bu Saziş 1999-cu ilin iyun ayında qüvvəyə minmişdir. 2004-cü ildə isə Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirmək məqsədi daşıyan “Avropa qonşuluq siyasəti”nə qoşulmuş və 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

2008-ci ildə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulan Azərbaycan 2009-cu ildən bu proqram çərçivəsində əməkdaşlığı daha da genişləndirmiş və yeni mərhələyə qədəm qoymuşdur.

2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmuş və hər iki tərəfin bu prinsiplərə sadiqliyi həmin sənəddə öz əksini tapmışdır. Azərbaycanın xarici siyasətində əldə etdiyi uğur kimi dəyərləndirilən bu sənədlər ölkəmizin Avropaya inteqrasiya olunmasında, həmçinin diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələrinin qəbul edilməsində bu sənədlər mühüm rol oynamışdır. Artıq uzun illərdir ki, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl yaradan Azərbaycan Respublikası ilə Avropa İttifaqının əsas ticarət tərəfdaşlığının sübutunu biz Azərbaycanın ticarət əlaqələrinin 40 faizinin Avropa İttifaqı ilə qurulmasında bir daha görürük. Belə ki, ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olan ölkəmizin Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil etmişdir. Bununla yanaşı, Aİ-yə üzv dövlətlərdən 1700-dən çox şirkətin Azərbaycanda fəaliyyət göstərməsi üzv dövlətlərlə əlaqələrin yüksək səviyyədə olmasının və iqtisadi fəaliyyətin nümunəsidir. Bu gün Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir ki, bu da ilk növbədə gənc, müstəqil Azərbaycan dövlətinin nailiyyəti və eyni zamanda gələcək strateji əlaqələrin möhkəmləndirilməsində mühüm mərhələdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi, siyasi, energetika və s. sahələrdə mövcud olan münasibətlər uğurla inkişaf etdirilir. Bu baxımdan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşı olan Azərbaycan  Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı bazarına çatdırılmasında həlledici rol oynayır. Belə ki, 2006-cı ildə enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu bu sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdur. Qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi sahəsini müəyyənləşdirən Memorandum Azərbaycan-Avropa İttifaqı enerji əməkdaşlığı  sahəsində tarixi sənəd kimi qəbul olunur.

Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarının Avropa bazarına gətirilməsində və Aİ-nin enerji təhlükəsizliyinin genişləndirilməsində əhəmiyyətli rol oynayır.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev  və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel birgə mətbuat konfransında bəyanatlarla çıxış etmişlər. Ölkə başçımız İlham Əliyev prezident Ş.Mişelin Azərbaycana səfərini tərəfdaşlığın yüksək göstəricisi kimi qiymətləndirmiş və bütün sahələrdə əməkdaşlığın gündən-günə inkişaf etdiyini vurğulamışdır: “Gündəliyimizin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük nailiyyətləri, mən deyərdim ki, tarixi nailiyyətləri  xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edə bilərik. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq”.

Prezident İlham Əliyev çıxışı zamanı Cənub Qaz Dəhlizinin həmçinin enerji təhlükəsizliyi layihəsi olduğunu vurğulamış, Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurasının bu layihənin uğurla həyata keçirilməsində mühüm rol oynadığını diqqətə çatdırmışdır.

33 milyard ABŞ dollarından çox investisiya yatırılmış Cənub Qaz Dəhlizi vasitəsilə Avropa istehlakçıları etibarlı xam neftlə təmin olunur. Aİ-nin qaz təchizatçısı kimi Azərbaycanın potensialı gündən-günə artır ki, bu da tərəfdaşlığımızın daha da etibarlı və möhkəm olmasına zəmin yaradır.

Region üçün sülhün, sabitliyin inteqrasiyanın qarantına çevriləcək Zəngəzur dəhlizi regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa və Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına da səbəb olacaq.

Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması, strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin effektiv nəqliyyat infrastrukturuna çevrilməsi xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Türkiyədən başlayaraq quru yol xətti ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcəkdir.

Bölgədə davamlı sülhün bərqərar edilməsini əməkdaşlıqda görən, beynəlxalq və regional əməkdaşlığın tərəfdarı olan Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.

Qitənin nəqliyyat xəritəsini təkmilləşdirməklə yanaşı, Azərbaycanın qlobal-logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək Zəngəzur dəhlizinin həm regional, həm də beynəlxalq əhəmiyyəti çox böyükdür. Bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkəsinin genişlənməsinə səbəb olacaq və ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Zəngəzur dəhlizi həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Zəngəzur dəhlizi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək.

Prezident İlham Əliyevin dediyi kimi: “Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir və bu ötən il noyabrın 10-da Rusiya prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana bizim ərazilərimizdə layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq, o, 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib. Eyni zamanda, biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmışıq. Sizə deyə bilərəm ki, artıq bu yaxınlarda mənə məlumat verildi ki, Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq”.

Ölkə başçısı İlham Əliyevin göstərişi ilə ölkəmizdə 3 hava limanının tikintisi də Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq. Füzuli şəhərində sayca 7-ci beynəlxalq hava limanı Azərbaycanın logistik imkanlarını genişləndirəcək ki, bu da ümumilikdə bölgənin iqtisadi potensialının daha da artıracaq.

Bakı, Naxçıvan və Türkiyəni birləşdirən yolun üzərində yerləşəcək “Zəfər yolu”na bağlanan Füzuli hava limanı, eyni zamanda tikilməkdə olan Zəngilan və Laçın hava limanları iqtisadi baxımdan səmərəli olmaqla bərabər, həm də ölkəmizin bölgədə strateji əhəmiyyətini yüksəldəcək, Avropa İttifaqı ilə tərəfdaşlığın gücləndirilməsini də təmin edəcək.

Azərbaycan-Avropa İttifaqı münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Bu gün Azərbaycan, Şərq və Qərb, eyni zamanda Şimal və Cənub nəqliyyat dəhlizinin yaradılmasında, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edən Azərbaycan enerji sahəsində də strateji əməkdaşlığın gözəl nümunəsini nümayiş etdirir.

Mehparə ƏLİYEVA,

“Respublika”.