Ölkəmiz regionda sülhün və təhlükəsizliyin tərəfdarıdır
SİYASƏT

Ölkəmiz regionda sülhün və təhlükəsizliyin tərəfdarıdır

Ermənistan isə hərbi konfrontasiyada maraqlıdır

Son iki yüzillik bir dönəmdə dəfələrlə erməni istilasına, hücumlarına məruz qalmışıq. Ermənilərin xain planlarının əziyyətini, zülmünü çəkmişik. Dünyanın bir çox coğrafiyalarında özlərinə yer edə bilməyən bu üzdəniraq millət Azərbaycan ərazilərində məskunlaşdıqdan sonra soyqırımları törətmiş, yerli əhaliyə divan tutmuşlar. Buna baxmayaraq, yenə də ermənilərə aramızda, içimizdə yer vermişik. Ötən əsrin tən yarısında, dəfələrlə qırğınlar törətməklə bərabər, İrəvan və digər mahallarda yaşayan Qərbi azərbaycanlıların deportasiyasını həyata keçirmişlər. Onların bu işinə rəvac verən qüvvələrdən biri də sovetlər birliyi idi. Elə bu səbəbdən də erməni millətçiləri o dövrdə bəzi istəklərinə nail olmuşdular. Təkcə bir fakt bunu aydın şəkildə sübut edir: Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra tarixi dədə-baba torpaqlarımız, yurd yerlərimiz - Qərbi Azərbaycan bütövlükdə Ermənistana bağışlanmışdır.

1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə başladıqdan sonra ermənilərin və onların sovetlər birliyindəki havadarlarının planları pozulmağa başladı. Belə ki, həmin illərdə də erməni millətçiləri Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Lakin dəfələrlə buna cəhd etsələr də, qarşıları alınmış, Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyev ermənilərin bu arzularını puç etmişdir. Heydər Əliyevin 1987-ci ildə istefa verməsi ilə ermənilər bu sahədə daha da fəallaşmış və arzusunda olduqları Qarabağın işğalını həyata keçirmişlər. Nəhayət, 30 il düşmən tapdağında qalan torpaqlarımız 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş, ərazi bütövlüyümüz təmin olunmuşdur. Son iki əsrlik tarixdə ilk dəfə Azərbaycan müharibədən ərazi itkisi ilə deyil, ərazi bütövlüyünün bərpası ilə çıxmışdır. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində sərhədlərimiz möhkəmləndirilmiş, qazandığımız Qələbə dost ölkələr tərəfindən alqışlanmışdır.

Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra Azərbaycan işğaldan azad etdiyi ərazilərdə tikinti-quruculuq işlərinə başladı. Bu yerlərin əzəli və əbədi sakinləri, keçmiş məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıtmağa başladı. Ötən iki ildən artıq müddət ərzində bir çox dövlət əhəmiyyətli obyekt və binalarla yanaşı, eyni zamanda Zəngilanın Ağalı kəndini də yenidən tikərək, kənd sakinlərinin köçürülməsini həyata keçirdi. İşlər bu gün də davam etdirilir. Prezident İlham Əliyev Böyük Qayıdışla bağlı çıxışlarında nəinki qarabağlıların, hətta bölgədə yaşayan erməni əsilli vətəndaşların da ərazidə dinc yaşayışının təmin olunacağını vurğulamışdır. Azərbaycanın sülh tərəfdarı olduğunu və əzəldən də münaqişənin sülh yolu ilə həllinə çalışdığını qeyd etmişdir. Lakin Ermənistan müharibədə biabırçı məğlubiyyətindən sonra da dəfələrlə xain, məkrli əməllərini həyata keçirməyə çalışsa da, Azərbaycan sülh tərəfdarı olduğunu nümayiş etdirmişdir. Ermənistan isə bütün bunlardan nəticə çıxarmamış, silahlı dəstələrini Qarabağa gətirməyə cəhd etmiş və mina basdırılması prosesini davam etdirmişdir. Görünür, ermənilər 44 günlük Vətən müharibəsindən yaxşı dərs almamışlar. Yenidən müharibə etmək, günahsız insanların qanını axıtmaq istəyirlər. Azərbaycan isə birmənalı olaraq hər zaman olduğu kimi, müharibə istəmədiyini, sülh, əmin-amanlıq şəraitində yaşamağı təklif etmişdir. Dəfələrlə Prezident İlham Əliyev demişdir: "Biz müharibə istəmirik. Biz istəyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik. Ancaq biz hər zaman ayıq olmalıyıq".

Ermənistan təcavüzkar, xain mövqeyi ilə uzun illər özünü bölgədə təcrid vəziyyətinə salmışdır. Bunun nəticəsi olaraq iqtisadi cəhətdən zəifləyərək kasıb ölkə səviyyəsinə düşmüşdür. Ölkədə hökm sürən səfalət, acınacaqlı vəziyyət səbəbindən vətəndaşlarının böyük bir hissəsi başqa dövlətlərə miqrasiya etmişlər. Həmçinin, ermənilər İkinci Qarabağ müharibəsində çoxlu sayda əsgər itkisi ilə də üzləşmişdir. Bəs, bu ölkə hansı potensialına, imkanlarına güvənir və yaxud da kimlərə arxalanır ki, yenidən müharibə etmək istəyir? Məsələ ondadır ki, üçüncü müharibə arzusunda olan Ermənistan rəhbərliyi öz vətəndaşlarının, xalqının taleyini düşünmür. Mənasız müharibə və münaqişələrlə günahsız insanların ölümünə rəvac verir. Ermənilər sülh istəmədiklərini öz əməlləri ilə dəfələrlə nümayiş etdiriblər. Azərbaycan isə həmişə humanist ideyalara sadiq qalıb. Biz, regionda sülhə, barışığa nail olmaq üçün Ermənistanı sülh sazişinə imza atmağa çağırmışıq. Azərbaycan Prezidenti öz çıxışlarında üçüncü müharibənin baş tutmayacağını dəfələrlə vurğulayaraq demişdir: "Yenə də demək istəyirəm, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər... Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik".

R.MƏHƏRLƏMOVA,

"Respublika".