Ölkəmiz regional sülhə, sabitliyə və inkişafa mühüm töhfələr verir
Siyasət

Ölkəmiz regional sülhə, sabitliyə və inkişafa mühüm töhfələr verir

Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa ermənilərin və onların havadarlarının gücü yetməz

İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin etməsi müstəqil dövlətimizin gücünü, qüdrətini bütün dünyaya sübut etdi. Lakin Azərbaycanın Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradaraq söz sahibinə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun artması bir çox qərb ölkələrini, o cümlədən Fransanı narahat etməyə başladı. Belə ki, 30 il davam edən Qarabağ münaqişəsi zamanı da ölkəmizə qarşı ikili münasibət bəsləyən, yaranmış vəziyyəti sülh yolu ilə həll etmək, münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, buna mane olan, münaqişənin həllinə imkan verməyən Fransa öz mövqeyini daha açıq şəkildə ortaya qoydu. İkinci Qarabağ müharibəsində təslimolma aktı imzalayan məğlub Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə, Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamamağa sövq etdi. Sözsüz ki, Ermənistan da öz havadarlarının çaldığı havaya oynayır.

Vətən savaşında qalib gələn Azərbaycan Ermənistana sülh təklif etdi. Regionda əmin-amanlığın bərqərar olması, xalqların mehriban qonşuluq şəraitində yaşamaşı naminə köhnə səhifələri çevirdiyini bildirdi. Havadarlarının fitvasına gedən Ermənistan isə bu təklifə hələ də müsbət cavab verməyib. Belə ki, sülh sazişinin imzalanması istiqamətində Soçi və Brüssel görüşləri çərçivəsində müəyyən irəliləyişlər əldə olunsa da, görüşdən sonra həmişə olduğu kimi, Ermənistan sözünə əməl etməmiş, qeyri-konstruktiv mövqe nümayiş etdirmişdir. Ötən il oktyabr ayının 6-da "Avropa siyasi birliyi"nin yeni platforması çərçivəsində Praqada Azərbaycan, Fransa və Ermənistan liderlərinin, Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə baş tutan dördtərəfli görüşün sonunda qəbul edilmiş bəyanatla ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tanınmış və BMT nizamnaməsinin əsas sənəd olaraq götürülməsi nəticəsində Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha öz təsdiqini tapmışdı. Liderlər həmçinin, sərhədlərin delimitasiyası üzrə iki ölkənin xarici işlər nazirlərinin ikinci görüşünün tezliklə keçirilməsi və bundan sonra sülh müqaviləsinin mətninin hazırlanmasının vacibliyini qeyd etmişdilər. Lakin Praqa görüşündən bir həftə keçməmiş Fransa Prezidenti özünün əsl simasını göstərdi. O, təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edərək Azərbaycanın Ermənistana qarşı dəhşətli müharibə apardığını bildirdi.

Emmanuel Makron ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməkdə artıq xeyli təcrübəyə sahibdir, sözün əsl mənasında bu işin peşəkarıdır. Praqa görüşündən sonra Fransa Senatının ölkəmizə qarşı tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi, bunun ardınca Fransa Milli Assambleyasının Azərbaycanın əleyhinə daha bir qətnamə qəbul etməsi Makronun bu istiqamətdə fəal iş apardığının təsdiqidir. Belə ki, keçən il dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın dəstəyi ilə BMT TŞ-nin iclasında Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı müzakirələrin aparılması bu nüfuzlu təşkilatın Azərbaycan əleyhinə istifadə etmək üçün növbəti platforma olaraq seçildiyinin göstəricisidir. İclasda Azərbaycan nümayəndə heyəti bir qrup ekofəalın ölkəmizin təbii sərvətlərinin qeyri-qanuni istismarına etiraz əlaməti olaraq sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazidə dinc aksiya keçirdiyi barədə ətraflı məlumat verib. Bildirilib ki, Qarabağ iqtisadi rayonunun ərazisində yerləşən "Qızılbulaq" və "Dəmirli" yataqlarının ermənilər tərəfindən qeyri-qanuni yollarla istismar edilməsi, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc nümayişə başlayıblar. Azərbaycanlı sadə vətəndaşlar, QHT nümayəndələri və ekofəallar ətraf mühitə dəymiş ziyanın müvafiq mütəxəssislər tərəfindən monitorinqinin təşkil olunmasını tələb edirlər. Qeyd edilib ki, azərbaycanlıların dinc aksiyasını riyakar, ikiüzlü Ermənistan "blokada" adlandırır və BMT Təhlükəsizlik Şurasından Azərbaycana qarşı növbəti manipulyasiya kampaniyası keçirmək məqsədilə istifadə edir.

BMT TŞ-yə üzv olan bəzi dövlətlərin ölkəmizə qarşı qərəzli, birtərəfli mövqe nümayiş etdirməsi, Azərbaycan ərazisinə yanlış istinad edilməsi isə bir qrup qərb ölkəsinin ermənipərəst mövqeyinin bariz nümunəsidir. Avropa Parlamenti də anti-Azərbaycan əməllərindən əl çəkmir. Bu il yanvar ayının 18-də ölkəmizin əleyhinə növbəti qərəzli qətnamə qəbul etməsi parlamentin erməni lobbisinin əlində alət olduğunu təsdiq edir. Belə ki, Azərbaycanı Ermənistana hərbi təcavüzlə, guya erməni hərbi əsirlərinin saxlanılması ilə, Laçın yolunun blokadada olması və s. kimi əsası olmayan ittihamlarla günahlandıran Avropa Parlamentinin erməni yalanları əsasında hazırlanan, böhtan dolu bir sənəd qəbul etməsi onun açıq-aşkar işğalçı ölkənin təxribatçı əməllərini dəstəklədiyini göstərir. Qətnamədə Qarabağdakı ermənilərin hüquqlarının qorunmasının tələb edilməsi, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığının təmin olunması və s. qərəzli fikirlərin öz əksini tapması parlamentin bir çox üzvünün ermənpərəst olduğunun əyani sübutudur.

Beynəlxalq Frankofoniya Təşkilatının 2022-ci il 19-20 noyabr tarixlərində Tunisin Cerba şəhərində keçirilən XVIII sammitində bu, bir daha özünü göstərdi. Belə ki, əhalisinin əksəriyyəti fransız dilində danışan və fransız mədəniyyətinə bağlılığı olan ölkələri özündə birləşdirən BFT-nin sammiti Prezident Emmanuel Makronun diktəsi ilə üzv dövlətlərin ölkəmizə qarşı aqressiv mövqe nümayiş etdirməsi ilə yadda qaldı. Emmanuel Makronun sayəsində Azərbaycana qarşı platformaya çevrilən Beynəlxalq Frankofoniya Təşkilatında Ermənistanın haqsız, ədalətsiz mövqeyinin müdafiə olunması isə onun havadarı Makronun "əməyidir". Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin bərqərar olmasını istəməyən, mütəmadi olaraq bölgədə sülhü təhdid edən addımlar atan Fransa dövləti Tunisin Cerba şəhərində keçirilən XVIII sammitdə Frankofoniya Təşkilatı vasitəsilə Azərbaycana təzyiq etmək üçün xüsusi hazırlıq görmüşdü. Ötən il noyabr ayının 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev kofrans iştirakçılarının suallarını cavablandırarkən demişdir: "Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb. Bizdə fransız-erməni tandeminin eyhamlarla, ittihamlarla və təhqirlərlə dolu həmin sənədin ilkin mətni vardır, ancaq bizim təkcə Qoşulmama Hərəkatında deyil, - yeri gəlmişkən, bu təşkilatın üzvlərinin bəziləri Frankofoniya Sammitinin üzvləridir, - həm də Avropada dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi faktiki olaraq ləğv edilib. Yəni onlar çox formal bir sənəd qəbul ediblər".

Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinə Fransanın xüsusi canfəşanlığı sayəsində Azərbaycanın əleyhinə qərəzli, həqiqəti əks etdirməyən ifadələr salınmışdır. Lakin qətnamənin müzakirəsi zamanı Azərbaycana dost olan, onun haqlı mövqeyini müdafiə edən BFT-yə üzv dövlətlərin bir neçəsinin səyi nəticəsində bu ifadələr qətnamədən çıxarılmışdır. Bununla yanaşı, layihənin müvafiq bəndlərinə etirazlarını bildirən, sənədin qəbul olunmasına razı olmadıqlarını bəyan edən üzv dövlətlərin nümayəndələri onların tələblərinin yerinə yetirilmədiyindən konfrans zalını tərk etmişlər.

Bütün bunlar bir daha sübut edir ki, heç bir ölkənin daxili işlərinə qarışmayan, onun ərazi bütövlüyünə xələl gətirəcək addımlar atmayan, regional sülh, sabitlik və inkişafa sadiq olan Azərbaycan bütün dünyada böyük nüfuza sahibdir. Onun haqlı mövqeyi bir çox dövlətlər tərəfindən müdafiə olunur və dəstəklənir. Ermənilərin və onların havadarlarının isə Azərbaycan haqqında hər hansı bir fikir formalaşdırmağa gücü yetməz. Nə üzv olduğu, nə də müşahidəçi qismində iştirak etmədiyi Frankofoniya kimi təşkilatlarda Azərbaycanın əleyhinə fikirlər səsləndirmək, qətnamələr qəbul etmək isə İkinci Qarabağ müharibəsində uğradığı məğlubiyyət açısından qəhr olan Ermənistanı və onun Fransa kimi havadarlarını yalnız ovuda bilər...

Mehparə ƏLİYEVA,

"Respublika".