Ölkəmiz regional əməkdaşlıqda selektiv yanaşma ortaya qoyur
Siyasət

Ölkəmiz regional əməkdaşlıqda selektiv yanaşma ortaya qoyur

İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün təmin olunması regional əməkdaşlığı şaxələndirməyə geniş imkanlar yaradıb. Postmüharibə dövründə qalib Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasətin ən vacib istiqamətlərindən biri bölgədə qalıcı sülhü və əmin-amanlığı təşviq etməkdir. Bu mənada, dünya ölkələri, xüsusən də qonşu dövlətlərlə qarşılıqlı və səmərəli əməkdaşlığa böyük əhəmiyyət verən müstəqil Azərbaycan Ermənistana sülh təklif etməklə yalnız iki ölkə arasında münasibətlərin normallaşması deyil, eyni zamanda bütün region xalqlarının mehriban qonşuluq şəraitində yaşaması üçün mühüm addımlar atır və qarşı tərəfin də bu istiqamətdə praktik yanaşma ortaya qoymasını vacib sayır. Sülh və əməkdaşlıqda maraqlı olan ölkəmiz Qarabağ müharibəsindən sonra Ermənistanla danışıqlara hazır olduğunu, köhnə səhifələri bağlayaraq regionda təhlükəsizliyin, sabitliyin bərqərar olması istəyini dəfələrlə bildirmişdir.

Milli maraqların təmin edilməsi istiqamətində məqsədyönlü, düşünülmüş və çoxşaxəli siyasət yürüdərək qətiyyətli addımlar atan dövətimizin yürütdüyü siyasətin prioritet istiqamətinin əsasını bölgədə və regionda əlaqələrini möhkəmləndirib daha da genişləndirmək, müasir geosiyasi şəraitdə dayanıqlı iqtisadi inkişafa nail olmaq təşkil edir. Bu baxımdan, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə yalnız işğal olunmuş ərazilərimizin azad edilməsi ilə deyil, eyni zamanda regionda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin yaratmaqla və formalaşdırdığı geosiyasi mühitlə xarakterizə olunur. Belə ki, Cənubi Qafqazın iqtisadi, siyasi və hərbi cəhətdən lideri olan Azərbaycan Qarabağ münaqişəsini uğurla həll etdikdən sonra kommunikasiyaların bərpası, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi regionun inkişafında əsas amilə çevrildi. Eyni zamanda, regionda sabitliyin təmin olunması, gələcəkdə baş verə biləcək hər hansı bir müharibə riskinin aradan qaldırılması üçün bölgə ölkələri arasında hərtərəfli iqtisadi, siyasi, mədəni əlaqələrin qurulması vacib məsələlərdən oldu. Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti səbəbindən uzun illər boyu region ölkələri ilə əməkdaşlıq mümkün olmasa da, İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri region dövlətləri arasında sıx əlaqələrin qurulmasına, inteqrasiyaya, yeni əməkdaşlıq və müttəfiqliyə əsaslı zəmin yaratdı. Cənubi Qafqaz ölkələrinin bir-biri ilə əməkdaşlıq əlaqələri və işbirliyi yaratması bu ölkələrin maraqlarına uyğun olmaqla yanaşı, həm də bütövlükdə regionun inkişafına təkan verəcəkdir.

Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün böyük səylər göstərən Azərbaycan çoxtərəfli əməkdaşlıq əsasında iqtisadi inkişafa nail olunmasına böyük əhəmiyyət verir ki, bu da, ilk növbədə, kənar qüvvələrin regiona təsiri, müharibə, ərazi bütövlüyünün pozulması risklərinin azalması baxımından çox vacibdir. Regionda iki ölkə arasında mövcud olan dostluq, yaxın qonşuluq və etibarlı tərəfdaşlığın örnək nümunəsini göstərən Azərbaycan ilə Türkiyə hərtərəfli əlaqələrini inkişaf etdirərək müttəfiq ölkələr səviyyəsinə yüksəlmişlər. 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" qardaşlığımızın rəmzinə çevrilmişdir. İki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran Bəyannamədə göstərilən müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığa, eyni zamanda tərəfdaşlığa təminat verir. Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edir və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətə böyük önəm verilir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın "bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır", hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm verən Prezident İlham Əliyevin isə "Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq" kəlamları bu gün ölkələrimiz arasında mövcud olan əbədi və sarsılmaz dostluğun bariz nümunəsidir.

Xarici siyasətində ikitərəfli münasibətlərə daha çox önəm verdiyini sözdə və əməldə nümayiş etdirən, həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsinə, sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verən ölkəmiz Rusiya ilə münasibətlərini qarşılıqlı fəaliyyət əsasında qurur, mühüm problemlərin həllində yaxın mövqe tutaraq ikitərəfli formatda konstruktiv əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində birgə fəaliyyətə üstünlük verir. Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı faydalı ticari-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istiqamətində məqsədyönlü siyasət həyata keçirirlər.

Ölkəmizin əməkdaşlığa böyük önəm verdiyi ölkələrdən biri də Gürcüstandır. Belə ki, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrini birgə reallaşdıran Azərbaycan və Gürcüstan GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində ikitərəfli strateji əlaqələrini daha da şaxələndirmişlər. Bu gün Azərbaycan-Gürcüstan əlaqələri dostluq, etibarlı tərəfdaşlıq səviyyəsində inkişaf edərək iki ölkə arasında ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və s. sahələri əhatə edir. Bu il oktyabr ayının 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etmişdir. Mçxeta rayonundakı Muxrani sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında keçirilən təkbətək görüşdə ölkələr arasında mövcud olan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanmış, qarşılıqlı hörmət və etimad əsasında qurulan, iki ölkə xalqlarının rifahına hesablanmış əlaqələrin daha da inkişaf etdirilməsi diqqətə çatdırılmışdır. Görüş zamanı dünyada baş verən hadisələr fonunda heç bir ölkə ilə əməkdaşlıq formatına maneə yaratmayan Gürcüstan-Azərbaycan münasibətlərinin sağlam əsaslar üzərində qurulmasının regionda sülhə, sabitliyə töhfə verməsi qeyd olunmuşdur.

Azərbaycan bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına, xoş qonşuluq münasibətlərinin inkişaf etdirilməsinə maksimum səy göstərir və buna nail olmağa çalışır. Lakin təəssüf ki, nankor qonşularımız İran və tarix boyu torpaqlarımızda özünə dövlət quran Ermənistan humanist ideyalara sadiqlik nümayiş etdirən, regionda söz sahibi olan Azərbaycanın gündən-günə artan nüfuzunu, qlobal səviyyədə əldə etdiyi uğurlarını həzm edə bilmir. "Yaxın qonşularımızın" ölkəmizə qarşı düşmənçilik əməlləri, törətdikləri təxribatlar isə ümumilikdə regionda sülhü təhdid edir.

İstər özünü islam ölkəsi adlandırıb, əməlində isə açıq-aydın erməni xislətli olduğunu nümayiş etdirən İran, istərsə də vandal, mənşəyi bilinməyən Ermənistan Azərbaycanın yürütdüyü məqsədyönlü siyasətə mane olmaq, bu siyasətin həyata keçirilməsinə əngəl törətmək iqtidarında deyil. Azərbaycan dövləti regional əməkdaşlığa selektiv yanaşma ortaya qoyaraq düşünülmüş, xoş gələcəyə hədəflənmiş xarici siyasət yürüdərək işıqlı gələcəyə doğru inamla addımlayır.

Mehparə ƏLİYEVA,

"Respublika".