Ölkəmiz Qərblə Şərq arasında körpü statusunu daha da möhkəmləndirir
İQTİSADİYYAT

Ölkəmiz Qərblə Şərq arasında körpü statusunu daha da möhkəmləndirir

Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirən Orta Dəhliz bu gün dünyada baş verən hadisələrin fonunda daha böyük önəm kəsb edir. Belə ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya vasitəsilə Asiyadan Avropa bazarlarına məhsulların çıxarılmasında yaranan problemlər Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Çindən Avropaya və Yaxın Şərqə yüklərin daşınması üçün ən əlverişli marşrut olan bu dəhliz Qərb və Şərq - Avropa ilə Asiya arasında körpü rolunu oynayan, böyük nəqliyyat-tranzit və enerji resurslarına malik olan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.

Çindən Türkiyəyə, Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını həyata keçirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə yüklərin Avropaya daha tez - 20-25 günə çatdırılması bu nəqliyyat dəhlizinin üstünlüyünü daha da artırır. Artıq 5 ildir ki, reallaşdırılan layihə Ukraynada hərbi əməliyyatların başlanmasından sonra Çindən Avropa İttifaqına malların fasiləsiz tədarükünü təmin etmək üçün əsas nəqliyyat vasitəsinə çevrilib.

Azərbaycan Qərb ilə Şərq arasında Orta Dəhlizin inkişafı üçün Türkiyə və Qazaxıstanla birgə addımlar atır. Belə ki, aparıcı beynəlxalq təşkilatlarla fəal, qarşılıqlı əlaqələr quran müstəqil dövlətimiz çoxtərəfli əməkdaşlığa mühüm töhfə verir. Bu il iyun ayının 27-də Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü yeni formatda əməkdaşlıq əlaqələrinin böyük perspektivlərini ortaya çıxarmışdır. Görüşdə Xəzər dənizi ilə yüklərin çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanmış və hər üç ölkə Orta Dəhlizin inkişafı istiqamətində addımlar atmağa hazır olduqlarını bildirmişlər. Bu ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında imzalanan "Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında" birgə Bəyannamədə isə Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı, nəqliyyat-logistika sahəsində əlaqələrin intensivləşdirilməsinin vacibliyi öz əksini tapmışdır. Sənədin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Bu gün biz nəqliyyat-logistika sahələri haqqında ətraflı danışdıq və hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdik. Çünki ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq".

Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilmiş, Zəngəzur dəhlizinin Orta Dəhlizin tərkib hissəsi olacağı vurğulanmışdır.

Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verən, Şərqlə Qərb arasında körpü olan Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyi Zəngəzur dəhlizinin açılmasından sonra daha da möhkəmlənəcək. Belə ki, Avropa və Asiyanı birləşdirəcək Zəngəzur dəhlizi Azərbaycan üzərindən Orta Asiyaya çıxışı da təmin edəcək, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu istiqamətdə regionun geosiyasi əhəmiyyətinin artmasına da səbəb olacaq. Zəngəzur dəhlizi Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxlaması səbəbindən bölgədəki iflic vəziyyətinə düşmüş bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməklə Qərbdən Şərqə uzanacaq ticarət yolu olacaq. Həmçinin, bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə imkan yaradacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Zəngəzur dəhlizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Belə ki, Orta Dəhliz marşrutunun tərkib hissəsi olan Zəngəzur dəhlizi Şimal-Cənub və Şərq-Qərb tranzit yolları arasında mühüm əlaqə yaradacaq. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla, xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Bu baxımdan, Orta Dəhliz marşrutunun tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir.

Oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə verərkən həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri baxımından Azərbaycanın coğrafi vəziyyətinin və nəqliyyat infrastrukturunun Avropa üçün mühüm əhəmiyyət daşıdığını vurğulayan ölkə başçımız nəqliyyat sahəsində yeni imkanların yarandığını diqqətə çatdırmış və Avropa İttifaqının Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd etmişdir.

Bu gün dünyada baş verən müharibələr, qarşıdurmalar bir daha təhlükəsiz və sabit nəqliyyat dəhlizlərinin olmasını zəruri edir. Bu mənada, 2017-ci ildən fəaliyyətə başlayan, uzunluğu təxminən 850 kilometr olan dəmir "İpək Yolu" da adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft və Trans-Anadolu qaz kəməri layihələri nəqliyyat və enerji sektorlarında uğurlu regional əməkdaşlığın bariz nümunəsidir. 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçən BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın Avropa bazarına çıxışını sürətləndirir. Bu yol Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyənin də tranzit daşımalardan əhəmiyyətli gəlir əldə edəcəyini təmin edir.

Azərbaycan və Türkiyə bu gün Orta Dəhlizin əsas hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmini daha da artırmağa çalışır. Belə ki, BTQ Türkiyədən Gürcüstana, Azərbaycana, Rusiyaya, Türkmənistana, Qırğızıstana, Özbəkistana, Qazaxıstana və Çinə dəmir yolu ilə yükdaşımalarının həyata keçirilməsinə imkan verir və beynəlxalq yükdaşımada dəmir "İpək Yolu" sayəsində əhəmiyyəti artan Türkiyə, Gürcüstan və Azərbaycan bu istiqamətdə mühüm layihələr reallaşdırır. Qərbdən Şərqə, Şimaldan Cənuba yeni marşrutların yaradılmasının təşəbbüskarı olan və bu layihələrin reallaşmasında mühüm rol oynayan Azərbaycan regionda nəqliyyat kommunikasiyalarının işə salınmasına böyük səy göstərir. Yükdaşımaların Xəzər dənizi vasitəsilə tranzitini nəzərdə tutan Orta Dəhlizin səmərəliliyinin artırılması istiqamətində atılmış addımlar bunu bir daha təsdiq edir. Ümumilikdə isə Orta Dəhliz ölkələri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi dəmir yollarının, limanların inkişafına təkan verəcək ki, bu da yükdaşımaların həcmini daha da artıracaq.

Mehparə ƏLİYEVA,

"Respublika".