Ölkəmiz öz strateji hədəfləri ilə sülh və əməkdaşlıq tərəfdarıdır
Siyasət

Ölkəmiz öz strateji hədəfləri ilə sülh və əməkdaşlıq tərəfdarıdır

Müharibədə ağır məğlubiyyətə uğradılan düşmənin üçtərəfli Bəyanatın tələblərini tam icra etməkdən başqa çıxış yolu yoxdur

44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü fonunda dünyanın müxtəlif dövlətlərinin televiziya və media orqanlarının aparıcı mövzularını Azərbaycan Prezidenti İlham Əliyevlə  müsahibələr təşkil edir. Bu baxımdan İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, ilk növbədə Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir.

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu müsahibələrin əhəmiyyəti barədə deyib: “Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.

İspaniyanın tanınmış EFE informasiya agentliyinin bölgədə baş verənlərlə bağlı Azərbaycan Prezidenti ilə  müsahibəsi də maraqla izlənilmişdi. Ölkə başçısı bundan əvvəl dünyanın tanınmış media orqanlarına verdiyi müsahibələrdə olduğu kimi, bu dəfə də dövlətimizin maraqlarını və bölgədəki reallıqları dünyanın diqqətinə çatdırıb.

İspan jurnalistin ilk sualı Paşinyanla mümkün görüş haqqında olub. Qalib dövlətin və ordunun Ali Baş Komandanı bildirib ki, o, şəxsən Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyə hazırdır. Eyni zamanda,  Prezident qeyd edib ki, Bakının bu kimi təşəbbüsünə baxmayaraq, Ermənistan hələ də yeni reallıqla bağlı Azərbaycanın təklifinə müsbət cavab verməyib. “Mən hazıram və mövqeyimi artıq ifadə etdim. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir. Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram. Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək”, - deyən  Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi ispandilli KİV-lərin diqqət mərkəzindədir, aparıcı xəbər portalları bu barədə materiallar dərc edib, müsahibədən sitatlar gətiriblər. Məqalələrdə oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən sonra Ermənistan ilə “normal münasibətlər yaratmaq” və “sülh sazişi üzərində işləmək” üçün Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar masası arxasında əyləşməyə hazır olduğunu bildirib.

Azərbaycan dövlətinin başçısı deyib: “Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq”. Bu təşəbbüslərini dəfələrlə xatırladan qalib ölkə başçısı  təəssüf ki, hələlik Ermənistandan müsbət cavab almadığını bildirib.

İndi yeni reallıqlar mövcuddur, Azərbaycanın “dəmir yumruğu”nun yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalı, barışmalıdır. Çıxış yolu budur. Ermənilər üçün çıxış yolu qapanmaqda deyil, inteqrasiyadadır, kommunikasiyaların qurulması, açılması və işləməsindədir. Müharibədən bir il keçməsinə baxmayaraq, Ermənistan hələ də Cənubi Qafqazda Azərbaycanın üstünlüyü ilə yaranmış geosiyasi reallığı qəbul edə bilmir. Hazırda demək olar ki, azərbaycanofobiya, türkofobiya və revanşizm məzmunlu ritorika Ermənistanda iqtidarla müxalifəti birləşdirən yeganə amildir. Ermənistan həm də dərin siyasi böhran içindədir. İqtidarlı-müxalifətli ermənilər bu sadə həqiqəti nə qədər tez anlasalar, o qədər yaxşıdır. Bu gün atılan addımlar gələcəyə xidmət etməlidir. Ermənistan dövləti və cəmiyyətin  fəaliyyətini təxribatlara deyil, sülhə yönəltməlidir. Onların  düşdükləri acınacaqlı vəziyyətdən nicat və çıxış yolu budur. İndi prioritet vəzifələrdən biri uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsidir. Ümumiyyətlə, 44 günlük müharibədə qələbə çalaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və aparıcı güc mərkəzləri üçün mühüm dividendlər qazanmağa zəmin yaradır. Çünki bu gerçəkliklər fonunda yeni unikal əməkdaşlıq imkanları mövcuddur, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf vəd edir. Ermənistanda siyasi populistlərin və diletantların ən çox istifadə etdiyi ritorika revanşizmdir. Əslində bu cür irrasional fikirlərin səsləndirilməsi müstəqil siyasət yürüdə bilməyən Ermənistanın bir dövlət kimi varlığı üçün ciddi təhlükədir. Revanşizmin hətta səsləndirilməsinin belə Ermənistan üçün nə qədər fəlakətli ola biləcəyini deyən Prezident İlham Əliyev müxtəlif səviyyəli çoxsaylı görüşlərində bu ölkəni bölgədə yaranmış geosiyasi reallıqları qəbul etməyə, regional inkişafa töhfə verməyə dəvət edib və bu vəziyyəti Ermənistan üçün itirilmiş 30 ildən sonra son şans kimi dəyərləndirib.

Hələ İkinci Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev postkonflikt dövründə Cənubi Qafqazın siyasi mənzərəsini şərh edərkən gələcəkdə bütün istiqamətlər üzrə inteqrasiya və inkişafın, xüsusən də uzunmüddətli sülh və təhlükəsizliyin yaradılmasının vacibliyini bildirib. Bunun üçün Azərbaycan təkliflərlə çıxış edib və bu təkliflər Ermənistanın kapitulyasiyası hesab olunan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunub. İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev bölgədə nəqliyyat kommunikasiyalarının bərpasının, iqtisadi əlaqələrin yaradılmasının Cənubi Qafqazdakı uzunmüddətli sülh və təhlükəsizliyə, o cümlədən inkişaf və inteqrasiyaya töhfə olacağını bəyan edib. Azərbaycanın gələcəyə aydın strateji baxışları var, ölkəmiz sülh və əməkdaşlıq tərəfdarıdır. Prezident İlham Əliyev bu məqamlara toxunaraq “Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq”, - deyə bildirib. Hazırda Azərbaycan və region üçün yeni dövr başlanır. Bu mərhələ ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında yüksəlişi ilə müşayiət olunur. Müharibənin Azərbaycanın siyasi-diplomatik cəbhədə olduğu kimi, hərbi müstəvidə də öz şərtlərini diktə edəcək və konkret nəticə qazanacaq qədər qüdrətli olduğunu görmək olar. Yeni reallıqlar Azərbaycanın üstün mövqeyini təsdiq edir. Ermənistan məhz bu faktı nəzərə alaraq reallıqdan çıxış etməli, rasional və praqmatik mövqe tutmalıdır. Nəzərə almalıdır ki, bütün hallarda Azərbaycan öz ərazilərində antiterror əməliyyatları vasitəsilə təhlükəsizliyi tam təmin etmək, istənilən təxribat cəhdinin qarşısını almaq iqtidarındadır və bu istiqamətdə müvafiq addımlar atılır. Bu, eyni zamanda, Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda regional sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq baxımından strateji əhəmiyyətə malikdir. Bütövlükdə, həm regional təcrid vəziyyətində olan, həm də müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Ermənistanın üçtərəfli Bəyanatın tələblərini tam icra etməkdən başqa çıxış yolu, əlavə şansı və alternativ imkanları yoxdur.

Mustafa KAMAL,

“Respublika”.