Ölkəmiz müasir nəqliyyat infrastrukturuna malikdir
Digər xəbərlər

Ölkəmiz müasir nəqliyyat infrastrukturuna malikdir

Ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasında yer alır. Son illərdə ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yaradılmasına böyük həcmdə investisiyaların yönəldilməsi və çoxsaylı layihələrin reallaşdırılması deyilənləri təsdiqləyir. Respublikamız ölkədaxili ictimai-siyasi sabitlik baxımından, quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resusrlarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Şərqlə Qərbin kəsişdiyi nöqtədə yerləşən Azərbaycan bütün dünya üçün tranzit daşımalarda əlverişli şəraitə malikdir. Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin yaradılmasına 10-dan çox ölkə qoşulub. Ancaq bu ölkələrdən heç biri hər iki dəhlizin yaradılmasında iştirak etmir. Azərbaycan isə yeganə ölkədir ki, Şərqdən Qərbə, Şimaldan Cənuba doğru uzanan dəhlizlərin yaradılmasına və onların funksionallığının artırılmasında həm iştirak edir,  həm də özünün böyük töhfələrini verir. Ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində mühüm addımlar atılır. Dünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyətinə dair hesabatına əsasən, Azərbaycan MDB məkanında birinci yerdə olmaqla ən yüksək nəticə göstərib. Asiya qitəsində 10-cu, ümumilikdə 141 ölkə arasında isə 24-cü yerdədir.

Azərbaycanın nəqliyyat infrastrukturu sahəsində uğurlu addımlarından biri də işğaldan azad edilmiş ərazilərdə aparılan yolların qurulmasıdır. 2020-ci ilin noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu" başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Şuşa şəhərinə qədər uzanır. Çəkilən yolun uzunluğu 101 kilometrdir. Strateji əhəmiyyəti ilə seçilən başqa bir layihə isə Zəngilan-Horadiz avtomobil yoludur. Bu yolun ümumi uzunluğu 124 kilometrdir və yol 4-6 zolaqdan ibarətdir. Xudafərin-Quba-Laçın avtomobil yolunun uzunluğu isə 66 kilometrdir. Hazırda Azərbaycanda bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına da xüsusi diqqət verilir. Elə bunların nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşən və  müasir standartlara cavab verən yollar salınır.

Azərbaycanın nəqliyyat sisteminin inkişaf etmiş mühüm sahələrindən biri də dəmir yollarıdır. Əlverişli coğrafi məkanda yerləşən ölkəmiz bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində fəal iştirak edir. Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars və Şimal-Cənub layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə dəmiryolu şəbəkəsinin bərpası istiqamətində də işlər aparılır. Uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti Qarabağ zonasına gediş-gəlişdə mühüm rol oynayacaq. Ən əsası isə gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsi yaranacaq. İşğaldan azad edilmiş ərazilərə çəkilən daha bir dəmir yolu xətti isə uzunluğu 45 kilometr məsafəni əhatə edən Bərdə-Ağdam dəmir yolu xəttidir. Nəqliyyat sisteminin mühüm sahələrindən biri də hava nəqliyyatıdır. İşğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan  hava limanlarından biri beynəlxalq olmaqla, artıq ikisi-Füzuli hava limanı və Zəngilan hava limanı istifadəyə verilib.  Üçüncüsü, Laçında inşa olunan hava limanında isə işlərin böyük hissəsi görülüb. Bununla da Azərbaycanda olan beynəlxalq  hava limanlarının sayı 9-a çatdırılacaq.

Aydın məsələdir ki, beynəlxalq iqtisadi-ticari əlaqələrdə dəniz nəqliyyatının da əhəmiyyəti böyükdür. Onu da qeyd etmək yerinə düşər ki, dəniz nəqliyyatı vahid nəqliyyat sistemində digər nəqliyyat növləri ilə müqayisədə ən ucuz başa gələndir. Hələ 2018-ci ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Bu baxımdan, ölkəmiz Xəzər regionunda ən böyük dəniz donanmasına malikdir. Bu isə Şərqdən Qərbə və əksinə, yüklərin daşınmasının artmasına imkan yaradır. Buna misal kimi, yükdaşıma qabiliyyəti 10 milyon ton olan və yükdaşıma qabiliyyətinin 25 milyon tonadək artırılması gücünə malik Ələt Beynəlxalq Ticarət Limanını misal çəkə bilərik. Azərbaycanda və xaricdə liman əməliyyatları ilə yanaşı, gəmilərin müasirliyi və yükgötürmə qabiliyyətinin yüksək olması da vacib məsələlərdəndir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı iqtisadiyyatımızın güclənməsinə öz töhfəsini verir.  Dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Bu isə ölkəmizin günü-gündən artan nüfuzunun və iqtisadi inkişafının göstəricisidir.

                                       Ramidə YAQUBQIZI,

                                               “Respublika”.