Ölkəmiz kommunikasiyalara böyük önəm verir
Siyasət

Ölkəmiz kommunikasiyalara böyük önəm verir

Reallaşdırılan layihələr Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə zəmin yaradır

"İnşaat yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır... Yolların, - yolların bir hissəsi artıq hazır vəziyyətdədir, - dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulmuşdur. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir... Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışından sonra mətbuata bəyanatında bildirib.

Oktyabrın 19-da Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsi istifadəyə verilib. Yolun açılışında iştirak edən dövlət başçısına məlumat verilib ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb. Qeyd edək ki, bu yol Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində inşa edilib.

Oktyabrın 20-də, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini Azərbaycan Prezidenti 2021-ci il fevralın 14-də qoyub və layihənin 2023-cü ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur. Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra böyük dağıntıların olmasına baxmayaraq, 10 noyabr Bəyanatı əsasında Azərbaycan dərhal bərpa prosesinə başlayıb və artıq bir sıra layihələr icra edilib. Belə ki, 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanı, bu il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilib. Laçın Hava Limanının tikintisi isə davam edir. Bununla yanaşı, Azərbaycan Qarabağın şimal, cənub və şərq istiqamətlərində avtomobil və dəmiryolu layihələrini də icra etməkdədir.

Yeni tikilən və bərpa edilən yolların əvvəl mövcud olan yollar və Zəngəzur dəhlizi ilə birləşdirilməsi regionda nəqliyyat şəbəkəsinin genişləndirilməsinə imkan yaratmaqla yanaşı, regional əməkdaşlığa da müsbət təsir edəcək. Bu layihələr eyni zamanda, üçtərəfli Bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan müddəaların icrasını da sürətləndirəcək. Nəticədə Qarabağda inkişaf edən yeni nəqliyyat habı Cənubi Qafqazın Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində mövqeyini daha da gücləndirəcək. Bu da İkinci Qarabağ müharibəsinin nəticələrinin regionda geosiyasi reallığı necə dəyişdiyini bir daha göstərir.

Dövlət başçısı nəqliyyat strategiyası baxımından Zəngəzur nəqliyyat dəhlizinin əhəmiyyəti barədə çıxışlarının birində deyib: "Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır". Azərbaycan İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm qələbə ilə Zəngəzur nəqliyyat dəhlizini reallaşdırmaqla həm türk dünyasının qərb və şərq qütbləri arasında etibarlı əlaqəni təmin edir, ölkəmiz mühüm nəqliyyat bəndinə çevrilir, həm də digər dövlətlərin, o cümlədən Ermənistanın da həyata keçiriləcək bu layihələrdə iştirakını qəbul edir.

Son illərdə Azərbaycanın böyük həcmlərdə investisiya yönəltdiyi sahələrdən biri yol-nəqliyyat sektorudur və bu isə heç də təsadüfi xarakter daşımır.

Azərbaycan üzərindən yükdaşımaların həcminin sürətlə artması ölkənin bu sahədə daha böyük həcmdə vəsait əldə etməsinə imkan yaradır. Bu, həmçinin Azərbaycanla yeni nəqliyyat əlaqələrinin qurulmasını istəyən dövlətlərin də sayını artırır. Məsələn, İranın Beynəlxalq Yol və Nəqliyyat Təşkilatının təmsilçisi bildirib ki, ölkəsi ilə Azərbaycan arasında nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələrinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir. Onun sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin güclənməsi Azərbaycanı körfəz ölkələri, İranı isə Rusiya və Avropa ilə birləşdirəcək. İran Xəzər dənizini dəmir yolu vasitəsilə Fars körfəzinə birləşdirmək üçün ciddi addımlar atmaqdadır. Bu dəmir yolu Fars körfəzindən başlayaraq Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycana birləşəcək.

Azərbaycan Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistan, Rusiya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Azərbaycanın reallaşdırdığı layihələr Asiya və Avropa arasında enerji, nəqliyyat və ticarət əlaqələrinin daha da güclənməsinə təkan verir.

Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli 2002-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulmuş, sözügedən sazişi 13 ölkə ratifikasiya etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il dekabrın 7-də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycanın ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Sərəncam imzalayıb. İndiyədək bu istiqamətdə bir sıra işlər görülüb. Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq.

Dəhlizlə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınması, gələcəkdə isə onun 10 milyon tona qədər artırılması planlaşdırılır.

Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına da müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.

Bu gün dünyanın bir sıra ölkələri Azərbaycanın tranzit imkanlarını yüksək qiymətləndirir. Elə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması da ölkəmizin bu sahədəki uğurlarından biridir. Marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarında iştirak edən müvafiq qurumlarının təşəbbüsü ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədlərindən başalayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.

İndi gündəmdə Orta Dəhliz layihəsi var. Bu, Çindən, Hindistandan, bizim bölgədən keçərək Avropaya qədər uzanan bir nəqliyyat xəttidir. Hazırda Ukrayna-Rusiya münasibətləri fonunda Orta Dəhlizə maraq daha da artıb. Ümumiyyətlə, son dövrlərdə dövlət rəhbərləri, iqtisadi blokların iştirakçıları yükdaşımalara və logistik mərkəzlərə böyük önəm verirlər. Çünki bu, real mənfəət gətirir. Digər tərəfdən də kommunikasiya prosesini təmin edir, dünya iqtisadiyyatının dövriyyəsini qüvvədə saxlayır. Kommunikasiya yoxdursa, inkişaf da ola bilməz...

Azərbaycan bu proseslərdə özünəməxsus rol oynayır və artıq demək olar ki, son 10 ildə atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında əsas logistik mərkəzə çevrilib. Ölkəmizin marağı yenidən fəaliyyətə başlayan, tikilməkdə olan bu kommunikasiyalara qırmızı yox, yaşıl işıq yandırmaqdır ki, həmin istiqamətdə görülən işlər respublikamız tərəfindən hərtərəfli dəstəklənir. Burada Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsinin, Böyük Qayıdışın təmin olunmasının xüsusi əhəmiyyəti var.

Zümrüd QURBANQIZI,

"Respublika".