Ölkəmiz İstanbulda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
Digər xəbərlər

Ölkəmiz İstanbulda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Türkiyə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümü münasibətilə İstanbulda "Konstitusiya ədalət mühakiməsi orqanları arasında əməkdaşlığın əhəmiyyəti" mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Türkiyədə səfərdə olan Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın sədrliyi ilə keçən toplantıda dünyanın 30-dan çox ölkəsindən nümayəndə heyətləri iştirak edib.

Tədbirdə iştirakçı ölkələrin konstitusiya məhkəmələri orqanlarının əsas fəaliyyət istiqamətləri və məhkəmə-hüquq əməkdaşlığı ətrafında müzakirələr aparılıb.

Konfransda çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın dost və qardaş Türkiyə Respublikası, habelə digər xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə daima təcrübə mübadiləsi apardığını diqqətə çatdırıb.

Bildirilib ki, 1998-ci ildən işə başlayan Azərbaycan Konstitusiya Məhkəməsi öz fəaliyyətini konstitusiya ədalət mühakiməsinin vasitəsilə həyata keçirir.

Həmçinin diqqətə çatdırılıb ki, Türkiyə Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə təsisi irəli sürülən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Konstitusiya Məhkəmələrinin Konfransının (Təşkilatının) yaradılması türkdilli ölkələr arasında məhkəmə-hüquq əməkdaşlığı üçün səmərəli platforma kimi çıxış edəcək.

Tədbir konstitusiya nəzarəti orqanlarını arasında əlaqələrin inkişafı barədə fikir mübadilələri ilə davam etdirilib.

AZƏRTAC