Ölkədə toxum bazarı formalaşdırılır
İQTİSADİYYAT

Ölkədə toxum bazarı formalaşdırılır

Təcrübəli fermerlər və digər əkinçilər yaxşı bilirlər ki, kənd təsərrüfatında keyfiyyətli toxum başlıca şərtdir. Bol su, aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl etmək isə bundan sonrakı vacib məsələlərdir. Elə buna görə də ölkədə əkin sahələrinin elit toxumlarla təchizatına ciddi fikir verilir.

Avqustun 18-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində respublika toxum sərgi-satış yarmarkası öz işinə başlayıb. Nazirliyin mətbuat xidməti bildirir ki, yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.

Yarmarkada Aqrar Xidmətlər Agentliyi (AXA), Dövlət Toxum Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), "Aqroservis" ASC, Aqrar Sığorta Fondu (ASF), Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Yarmarkanın açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması üçün yeni texnologiyaların və müasir texnikanın cəlb edilməsi həlledici əhəmiyyət kəsb edir. Son illər aqrar sahənin inkişafında da çox mühüm işlər görülüb. Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hər il olduğu kimi, bu il də respublikanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir. Toxum istehsalı üzrə respublikanın torpaq iqlim zonalarını, həmçinin, toxum istehsalçılarının, fermerlərin yarmarkaya maraq və istəklərini nəzərə alaraq əvvəlki ildən fərqli olaraq, toxum sərgi yarmarkası bu il Şəki, İsmayıllı, Quba, Ağcabədi, Sabirabad, Cəlilabad və Hacıqabul və digər rayonlarda təşkil ediləcək.

Daha sonra nazir yerli istehsal toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüb. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub.

Nəriman CAVADOV,

"Respublika".