Ölkədə sahibkarlığın inkişafı dövlət dəstəyinə əsaslanır
İQTİSADİYYAT

Ölkədə sahibkarlığın inkişafı dövlət dəstəyinə əsaslanır

Daxili bazar araşdırmalarına çəkilən xərclərin mikro sahibkarlar üçün 80 faizi, kiçik sahibkarlar üçün isə 50 faizi dövlət tərəfindən qarşılanır

Azərbaycanda sahibkarlığın inkişafı dövlət dəstəyinə əsaslanır. Bu iqtisadi siyasət ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, Prezident İlham Əliyev dönəmində isə uğurla davam və inkişaf etdirilir.

Prezident İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Bir il sonra isə (26 iyun 2018-ci il) Agentliyin Əsasnaməsi təsdiq edilib.

Zaman keçdikcə Agentliyin fəaliyyəti, maliyyə-kredit imkanları genişləndirilib. Bu sahədə Prezidentin 29 may 2019-cu il tarixli fərmanı xüsusi əhəmiyyət kəsb edir. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” da bu fərmana əsasən təsdiq edilib.

Qeyd edək ki, ölkə iqtisadiyyatında sahibkarlar bir təbəqə kimi artıq formalaşıblar. Sahibkarlıq subyektlərinin təqribən 99 faizini isə KOB subyektləri təşkil edir. Subyektlərin təxminən 92 faizi mikro, 5,3 faizi kiçik, 2,1 faizi isə orta sahibkarlardır.

Sahibkarlıq sahəsində KOB subyektlərinin üstünlük təşkil etməsi onların potensialından daha səmərəli istifadə etməyi vacib sayır. Ölkə Prezidentinin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bu baxımdan əlamətdardır. Əminik ki, qarşıdakı illərdə KOB-ların iqtisadiyyatda rolu daha da artacaq.

Hazırda KOBİA tərəfindən sahibkarlara aşağıdakı dəstək və xidmətlər göstərilir:

- KOB-ların bilik və bacarıqlarının artırılması;

- təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi;

- daxili bazarın araşdırılması;

- “Startap” şəhadətnaməsi;

- KOB-ların satış bazarlarına çıxışına dəstək;

- məhsul və xidmətləri tanıtmaq üçün sərgilərdə iştiraka dəstək.

Ötən il sahibkarlara 100-ə yaxın təlim keçirilib, 2500 saata yaxın məsləhət xidməti göstərilib. 1200-dək KOB subyekti bu təlim və məsləhətlərdən yararlanıb. İndiyədək KOB-ların sifarişi ilə 7 daxili bazar araşdırılması aparılıb, Agentliyin öz təşəbbüsü ilə isə 9 daxili bazar araşdırılıb.

Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startap” şəhadətnaməsi verilməsi KOBİA-ya həvalə edilmişdir. Artıq müvafiq prosedura həyata keçirilərək ilk şəhadətnamələr təqdim olunub. Bunlar müvafiq elektron resurslardan və mobil tətbiqlərdən istifadə etməklə vətəndaşlara və sahibkarlara müxtəlif xidmətlər təklif edən “Çak-çuk”, “Dr. Aqro” və “Bonpini” onlayn platformalarıdır.

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzun fasilədən sonra 10-12 iyun 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Aqro 2021”) və Azərbaycan Qida Sənayesi (“İnterFood Azerbaijan 2021”) sərgilərində mikro və kiçik sahibkarların məhsul və xidmətlərini təqdim etməsinə KOBİA tərəfindən dəstək göstərilib.

Ötən il “Xaçmaz KOB evi” istifadəyə verilib, bu ilin aprelində isə ikinci belə bir ev Yevlaxda açılıb. Göründüyü kimi, KOB-lar iqtisadiyyatda öz təsir dairələrini genişləndirirlər.

N.CAVADOV,

“Respublika”.