“Oğlumu da mənim kimi vətənpərvər böyüdərsən...
Sosial həyat

“Oğlumu da mənim kimi vətənpərvər böyüdərsən..."

Vətən uğrunda şəhid olanlardan biri də Şixmuradov Kamil Şixəmməd oğludur. Kamil 1997-1999-cu illərdə Naxçıvan MR-də, 1999-cu ilin fevral-iyul aylarında "N" saylı hərbi hissələrdə atıcı vəzifəsində müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Dəmir Yollarının Təhlükəsizlik Xidmətinin Yalama Yüklərin və Obyektlərin Təhlükəsizliyi komandasında atıcı vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olaraq "mühəndis-istehkamçı" ixtisası üzrə manqa komandiri və taqım komandirinin müavini-manqa komandiri kimi xidmət edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə, komandanlıq tərəfindən baş çavuş hərbi rütbəsi verilib. Şəhidimiz, həmçinin 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub, Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə "Azərbaycan Ordusu 1918-2018" yubiley medalı ilə təltif edilib.

Anası Şixmuradova Sürəyya xanımın oğlu haqqında xatirələrindən: "Kamil çox istiqanlı olub. Bir dəfə də olsun heç kimə acıqlanmadı, səsini qaldırmadı, xətrinə dəymədi. Gülərüz, xoşxasiyyət idi. Uzaqda olmağına baxmayaraq, ailəsinə, uşaqlarına çox bağlı idi. Hər gün danışırdı, hal-əhval tuturdu. Nə etmək olar? Kamil şəhidlik üçün seçilmişdi. Özü də elə bu yolu seçmişdi. Torpaq onun üçün müqəddəs idi, uca idi. Kitab oxumağı çox sevirdi, xüsusən də, tarixi və hərbi mövzuda olan kitabları oxuyurdu.

Sonuncu dəfə məzuniyyətə gələndə dedim ki, ay oğul, uşaqların atası yanlarında gərək. Çıx gəl daha. Böyüyürlər, səni istəyirlər, burda, yanlarında ol. Gözlərimə baxdı, dedi ki, məni sən belə tərbiyə edibsən. Oğlumu da mənim kimi vətənpərvər böyüdərsən. Uşaqlarım sənə əmanətdir. Dedi və getdi".

Qardaşı - ehtiyatda olan polkovnik-leytenant Mehman bildirir ki, 2014-cü ildə Beyləqanda xidmət edirdim. Həmin il MAXE-lərin orduya kütləvi qəbulu başladı. Cənab Prezidentin göstərişi ilə ordunu professional səviyyəyə çatdırmaq üçün belə bir işə başlanıldı. Həmin dövrdə də mən nizami hissədə çalışırdım. Kamil və iki dayım oğlu səfərbərlik xidmətinə müraciət etdilər və hərbi xidmətə başladılar. Elə oldu ki, apreldə onlar gəldi, may ayının 19-da mən təyinatla Bakıda - Silahlı Qüvvələrin Baş Qərargahında xidmətimi davam etdirməli oldum. Amma orda mənimlə çiyin-çiyinə xidmət göstərən zabitlərlə əlaqə saxlayır, Kamili soruşurdum. O, mənə həmişə başucalığı gətirdi. Mən onunla fəxr edirdim. Hər dəfə xoş xəbərini, xoş sədasını eşidəndə ürəyim dağa dönürdü. Çox məsuliyyətli olduğundan, ən ağır, ən çətin işlərə təyin olunurdu. Özü də elə buna can atırdı.

2020-ci ilin sentyabrın 26-da, axşamüstü mənə şəkillər göndərdi, yazdı ki, qardaş, biz getdik... Mən başa düşdüm ki, döyüşə gedir. Gündüzlər zəng vurmurdum, gərgin işləyirdilər. İmkan olanda danışırdıq. Füzuli rayonunun Alxanlı kəndində idi ermənilərlə təmas xətti. Elə ordan başlamışdılar. Kamilgilin dəstəsi həmin ərazini minalardan zərərsizləşdirəndən sonra ilk keçid açılıb. Füzuli alınandan sonra Cəbrayıla gediblər. Hərdən danışırdıq, hər şeyin yaxşı olacağını deyirdi, qələbəyə inanırdı. Noyabrın 1-də Qubadlıda Həkəri çayının sahilində, Sarıyataq kəndində idi. Laçına doğru qoşunlarımızın içəriyə keçə bilməsi üçün alternativ yol açırdılar.

Noyabrın 6-da Qubadlı-Laçın istiqamətində gedən şiddətli döyüşlər zamanı, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Mən Bakıda idim, zəng vurdular. Sanki xəbəri bilib-bilmədiymi yoxlamaq istəyiblər. Amma deməyə ürək etməyiblər. Zabitlərdən biri, axır ki, özündə cəsarət tapıb zəng vurdu, amma onun da deməyə dili gəlmədi. Səsindən, danışığından başa düşdüm ki, Kamili itirmişik. Özüm də hərbçiyəm, bilirdim ki, hər şey ola bilər. Kamili noyabrın 7-də Xaçmaz rayonunun Fərzəlioba kənd qəbiristanlığında dəfn etdik. Mən fəxr edirəm ki, qardaşım hərbi xidmətini layiqincə, kişi kimi başa vurub. Vətənə borcunu şərəflə, vicdanla yerinə yetirib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirən Kamil Şıxmuradov Prezident İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Canını Vətən yolunda qurban verən Kamil qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı.

M.MİRZƏ,

"Respublika".