Ödənişli ictimai işlər proqramının icra prosedurları elektronlaşdırılır
Sosial həyat

Ödənişli ictimai işlər proqramının icra prosedurları elektronlaşdırılır

Prezident İlham Əliyevin 2022-ci il 4 aprel tarixli Sərəncami ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planındakı tapşırığa uyğun olaraq, ödənişli ictimai işlərə cəlbolunma ilə bağlı müraciətlərin qəbulu və baxılması e-qaydada aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən hazırda "İctimai işlər portalı"nın yaradılması işləri artıq yekunlaşmaq üzrədir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, portal haqqı ödənilən ictimai işlərin təşkili proseslərində şəffaflığın və işsiz şəxslərin məşğulluğunun təmin edilməsində operativliyin artırılmasına, sui-istifadə hallarının aradan qaldırılmasına, ictimai işlər sahəsində əməyin təşkili, idarə edilməsi və monitorinqinin daha səmərəli icrasına imkan yaradacaq.

Portalda qeydiyyatı olan hər bir sosial işçi ilə bağlı məlumatlar (özünün və ailə üzvlərinin sosial statusu, ictimai işlərdə çalışdığı qurum, əmək haqqı və s.) aidiyyəti qurumların informasiya sistemlərindən avtomatik olaraq əldə edilməklə toplanacaq. Həmin məlumatlar hər bir sosial işçinin şəxsi kabinetində öz əksini tapacaq.

Bundan əlavə, portal iş vaxtının uçotu tabelinin formalaşdırılması, kadr hesabatlarının da elektronlaşdırılmasına imkan verir.

Hazırda "İctimai işlər portal"nın test edilməsi prosesləri davam edir, nəticələr işçi qruplar tərəfindən təhlil olunur.

İctimai işlər proqramının icrası üzrə səyyar yoxlama və monitorinq layihəsi də modul olaraq nəzərdə tutulub və test olunmaqdadır. Yaxın gələcəkdə bu sahədə də rəqəmsallaşdırma işlərinə başlanılacaq.

AZƏRTAC