Digər xəbərlər

"O yerləri bir də görmək ən böyük arzumdur"

...Müharibənin qızğın günlərində televiziya kanallarından biri Müdafiə Nazirliyinin məsul işçisi, polkovnik Abdulla Qurbani ilə müsahibə aparırdı. Söhbət əsnasında kimsə zəng edib polkovniklə danışmaq istədiyini bildirdi. Aparıcı əlaqə yaratdı. Elə ilk cümlələrdən polkovnik dedi: "Mən sizi yaxşı tanıyıram.  Əhmədbəylidə Xızı rayonundan olan Mədət kişi ilə əsl qəhrəmanlıq göstərdiniz. Gecə vaxtı yaralı əsgərləri öz maşınlarınıza yığıb Füzuli Diaqnostika Mərkəzinə yola düşdünüz. Qaranlıq gecədə güllə yağış kimi yağırdı. Hamı sizdən də,  yaralılardan da əlini üzmüşdü. Səhəri gün eşitdik ki, siz yaralıları sağ-salamat xəstəxanaya çatdırmısınız".

Aparıcı söhbəti kəsmir. Zəng edən sürücünü biz də tanıyırıq. Bu, Ravil Babayevdir. Hacıqabul Təcili və Təxirəsalınmaz Xəstəxanasında təcili yardım maşınının təcrübəli sürücüsü Ravil Babayevin könüllü olaraq idarə etdiyi maşınla cəbhəyə getdiyini eşitmişdik. Polkovnikin Ravil barədə dediyi xoş sözlər köhnə tanış kimi bizə də ləzzət verirdi. Amma  "ləzzət" sözü deyəsən burada yerinə düşmür. Arxada, rahat evdə oturub televiziya seyr edən bizlərlə -  həmin günlər döyüşlərdə ölüm-itim savaşına çıxanlar arasında fərq şübhəsiz ki,  böyük idi və ləzzətin nə olduğu onların yadından çıxmışdı.

44 günlük Vətən müharibəsi möhtərəm Ali Baş Komandanın sərkərdəlik məharəti, Şanlı Ordumuzun savaş qabiliyyəti sayəsində 30 illik dərd-bəlaya, həsrətə, intizara son qoyuldu, Dağlıq Qarabağ işğaldan azad edildi. Bayram bayrama qarışdı. Müharibə günlərində Müdafiə Nazirliyinin işğaldan azad edilmiş kənd və şəhərlərdən hazırladığı videogörüntülər televiziya ilə nümayiş etdirildi. Viran qalmış yurd yerlərimizə baxdıqca, mənfur düşmənə nifrət hissi artır, amma  doğma torpağın daha ömürlük özümüzün olduğunu düşünüb fərəhlənir, sevinirdik.

Müharibədən sonra  savaş-döyüş iştirakçılarının söhbətinə qulaq asmaq, onların xatirələrini dinləmək nə qədər də xoş idi. O günlərdə Ravil də belə maraqlı həmsöhbətlərdən biri oldu. Ravil müharibənin ilk günündən sonuna kimi ön xətdən yaralıların təxliyə edilməsində sözün əsl mənasında sürücülük məharəti nümayiş etdirmişdir. Cəbrayıl istiqamətində gedən döyüşlərdə hərbçilərimizin hərəkət etdiyi kalon vurularkən yaralı döyüşçülərimizin Füzuli Müalicə Diaqnostika Mərkəzinə, Əhmədbəyli hərbi hospitalına çatdırılmasında əsl igidlik göstərmişdir. Yeri gəlmişkən deyək ki, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının feldşeri Fuad Musayev də Ravillə birlikdə döyüş yolu keçib. Bu yollar Hadrut, Xocavənd, Qubadlı, Füzuli istiqamətlərinə qədər uzanıb. Ravil deyir:

- Bəzən gecələr maşının işığını yandırmadan hərəkət etməli olurduq. Qarabağa gedən bütün yollar bizə ovcumuzun içi kimi tanış idi. Heç yadımdan çıxmaz. Oktyabr ayının 14-də biz, 12 ambulans maşının sürücüsü Cəbrayıl rayonunun Daşkəsən kəndi istiqamətində döyüş yerinə göndərildik. Ağır döyüşlər gedirdi. Mərmi yağışı bir an belə ara vermirdi. Buna baxmayaraq,  biz döyüş meydanından yaralı əsgərləri vaxtında hospitallara çatdıra bildik.

Ravil Babayev 44 günlük İkinci Qarabağ müharibəsində xidmətlərinə görə, Füzuli Rayon Müalicə Diaqnostika Mərkəzinin direktoru Şaiq Şükürovun, Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Natiq Şükürovun imzası ilə fəxri fərmana layiq görülmüşdür.

Biz  Ravillə dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfərindən cəmisi bir gün sonra görüşmüşdük. Ravil televiziyadan bu səfəri əvvəldən axıra kimi sonsuz maraqla izlədiyini dedi:

- Cənab Ali Baş Komandanın bütün səfərləri kimi bu səfəri və səfər zamanı dediyi sözlər ürəyimdən xəbər verdi. Cəbrayılın girişində ucaldılan lövhəyə tamaşa edəndə sevinc hissindən kövrəldim. Biz işğal dövründə sökülüb paslanmış lövhənin yanından keçəndə  özümüzdə ürəkağrısı hiss edirdik. Cənab Prezident tamamilə düzgün dedi ki, artıq tarixi ədalət bərpa olunub, Cəbrayıl rayonunun girişində yerləşən "Cəbrayıla xoş gəlmişsiniz" lövhə-abidə yenidən qurulub.   Ravil əlavə edərək deyir: "Cəbrayıldan başlanan yollar artıq bütün Qarabağı əhatə etmişdir. Qarabağ tezliklə cənnətə çevriləcək. Ən böyük arzum o yerləri bir də görmək, bir vaxtlar güllə yağışına düçar olduğum yollarda rahat, asudə şəkildə sükan arxasında əyləşməkdir".

T.YADULLAOĞLU,

"Respublika".