O, Şirvanda böyümüşdü...
Region

O, Şirvanda böyümüşdü...

Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhədində törətdiyi təxribat nəticəsində baş verən döyüşlər zamanı Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub.  Respublikamızın ərazi bütövlüyü və müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olanlardan biri Azərbaycan Ordusunun əsgəri, Şirvan şəhər sakini Elçin Ramil oğlu Əliyevdir.   

Şəhid Əliyev Elçin Ramil oğlu 11 dekabr 2002-ci ildə Şirvan şəhərində anadan olub. İbtidai təhsilə Şirvan şəhəri Bayramlı qəsəbəsi 3 nömrəli orta məktəbdə başlayan Elçin təhsilini Şirvan şəhəri Mübariz İsrayilov adına 18 saylı Təbiət Humanitar təmayüllü məktəb-liseydə davam etdirib. 28 yanvar 2021-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. 16 noyabr 2021-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Elçin Əliyevin tabutu Şirvan şəhərində böyük izdihamla ”Qarabağ Azərbaycandır” sədaları altında qarşılandı.

Şirvanda böyüyən, Vətənin müdafiəsinə yollanıb şəhadət zirvəsinə yüksələn Elçin Əliyevin parlaq xatirəsi əbədi olaraq ürəklərdə yaşayacaq. Şirvan Şəhər İcra Hakimiyyəti, şəhər ictimaiyyəti nümayəndələri şəhidimizə Allahdan rəhmət diləyib, doğmalarına, valideynlərinə dərin hüznlə başsağlığı verdilər.

                                          Tofiq HÜSEYN,

                                         “Respublika”.