...O daş altda Məmməd Araz yaşayır
Sosial həyat

 ...O daş altda Məmməd Araz yaşayır

2004-cü il dekabrın ilk günü idi. Gün yenicə başlamışdı. Telefonuma zəng gəldi. Tələbə yoldaşlarımdan biri idi. Hal-əhval tutduq: “Xəbərin var, İradənin atası rəhmətə gedib?” - dedi. Qeyri-iradi olaraq: “Hansı İradənin?” –deyə soruşdum. “İbrahimovanın...” (Qrupumuzda bu adda üç qız oxumuş olduğundan biz onları soyadları ilə çağırırdıq). Deməli, Məmməd Araz... Vədələşib üç mərasiminə getdik. Təbii ki, hər kəs, elə qızlarımız da içi mən qarışıq belə məqamda işlədiləcək təsəlliverici sözlər deyib səbir dilədik. O zaman İradə xanımım (İradə Tuncayın) dediyi sözlər indi də yadımdadır: “Mən onun ölümünü yox, dərdini ağlayıram...”

Sonralar müsahibələrinin birində də söyləmişdi İradə bunları: “...Məni ən çox təəssüfləndirən odur ki, sonradan mənim yetkin, ağlım kəsən vaxtımda atam danışa bilmirdi. Onunla oturub məni maraqlandıran suallara cavab ala bilmədim. Odur məni çox yandıran. İnsan həyatı bir gün qırılır. Labüddür bu, kimi tez, kimi gec. Məni həmişə incidən onun ağır həyatıdır”.

Həyatda təsadüf, zərurət deyilən bir şey var. Və biz çox şeyi təsadüfə bağlayır, zərurətin olduğunu, alın yazısının mövcudluğunu nədənsə sonra ağlımıza gətiririk. Mən indi bu yazını hazırlayarkən bir suala cavab tapmağa çalışıram. 1933-cü il oktyabrın 14-də dünyaya gələn Məmməd İnfil oğlu İbrahimovun şeir dünyasına qədəm qoyduqdan sonra məhz “Araz” təxəllüsünü götürməsi təsadüf, yoxsa zərurət idi?

Düşünürəm, təsadüf kimi çox adlar seçə bilərdi, onda deməli... Məmməd Araz bu dünyaya sanki dərd çəkmək üçün gəlmişdi: torpaq, millət, Vətən... nəhayət Arazın dərdinə bənzər öz sağalmaz dərdini...

Hələ bunlar azmış kimi: “Vətən mənə oğul desə, nə dərdim. Mamır olub qayasında bitərdim”, -deyə dərd üstünə dərd də gətirmişdi. Araz onun üçün sakit, qıyqacı-qıyqacı axan adi bir çay deyildi. Bütöv Azərbaycanın açarı, Vətən idealının rəmzi kimi baxırdı o Araza. Araz onun şeirlərində obrazlaşır, dərdli bir aşiq kimi dil açıb danışırdı. Araz onun üçün Azərbaycanın özü idi. Şairin “Arazın nəğməsi”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstə çinar gördüm”, “Arazın işıqları” və s. şeirləri, “Araz axır” poeması Arazla bölünmüş vətənin bütövlük həsrətinə həsr olunub.

Bu gün Məmməd Arazın doğum günüdür. Hamının sevdiyi, milli ruhun daşıyıcısı olan istedadlı qələm sahibi, çağdaş Azərbaycan poeziyasının sütunlarından, ədəbiyyatımızın öndərlərindən biri, sadə doğulub, mürəkkəbliklər içərisində sadə ömür sürən Məmməd Araz. Orta məktəbə doğulduğu Şahbuz rayonunda ayaq açıb, sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Elə təhsil illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. “Yanın, işıqlarım” şeiri burada bəyənildikdən sonra 1952-ci ildə çap olunub. 1954-cü ildə doğma kəndindəki orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Sonra Bakı həyatı... Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib, 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kursunu bitirib. Daha sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini, 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub...

Məmməd Arazı şeiriyyətin ən yüksək mərhələsinə ucaldan məqamlardan biri şeirlərinin dilidir. Onun şeirlərində ana dilinin, doğma türkcənin o zamankı durumundan və sabahından həqiqətən narahatlıq duyan vicdanlı bir ziyalının, təəssübkeş bir Vətən oğlunun könül çırpıntıları duyulur. Milli kimliyinin, ana dilinin, ata yurdunun qeyrətli bir təəssübkeşi kimi görürük Məmməd Arazı bu şeirlərdə. Müxtəlif formalarda yazılmış şeirlərin gözəlliyi onun nədən danışmasında deyil, müəllifinin onu özünəməxsus tərzdə təqdim etməsində, ondan əvvəl heç kimsənin demədiyi formada yazılmasındadır:

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar? –

Leysan, salamat qal, yağ, salamat qal.

Şairin 1962-ci ildə yazdığı “Əlvida dağlar!” şeiri forması və məzmunu bir-birini yüksək səviyyədə tamamlayan gözəl poeziya nümunəsi, kamil bir əsərdir.

Orijinal deyim tərzi, güclü müşahidə qabiliyyəti, analitik təfəkkürlə yanaşı, ana dilinin inkişafı ilə bağlı dərin narahatlıq hissi keçirən milli qeyrətli vətəndaş şair idi Məmməd Araz. Dövrlə, zamanla ayaqlaşan poeziya yaratmaq üçün layiqli övlad məhəbbəti, fədai əzmi, mətanətilə Vətənin- Azərbaycanın xidmətində durmağı, xalqın, ata yurdun tarixini yaşatmağı bacarırdı Məmməd Araz. Məhz ona görə də yazdıqları zamanın sərt sınaqlarına tab gətirə bilirdi. Bu baxımdan da yaradıcılığında əsas mövzu idi, Ana Vətən-Azərbaycan, xalqın taleyi, ana dili...

Azərbaycan!.. Qayalarda bitən bir çiçək...

Azərbaycan, çiçəklərin içində qaya...

Mənim könlüm bu torpağı vəsf eləyərək,

Azərbaycan dünyasından baxar dünyaya.

Sanki bu günlər üçün söyləmişdi o misraları. Müstəqilliyini, azadlığını özünə məlhəm bilən Vətənin, onun uğrunda çarpışan, mücadilə edən oğulların haqq səsinə, harayına cavabı idi yazdığı şeirlər. Var səsi ilə hayqırır: “Ayağa dur, Azərbaycan!” -deyirdi.

1988-1990-cı illərdə Azərbaycanın milli müstəqillik, azadlıq uğrunda apardığı mübarizə dövründə yazdığı “Ata millət, ana millət ağlama”, “Bizi Vətən çağırır”, “Ulu şahım, qılıncına söykənim mən” və digər şeirlər böyük mənəvi təkan rolunu oynayır, meydan hərəkatını coşdurur, mübarizə ruhunu gücləndirirdi:

Ya rəbbim, əl açdıq, tut əlimizdən,

Çıxmasın bu doğma yurd əlimizdən.

Şeirə, sözə özünəməxsus şəkildə yanaşan şairin poeziya nümunələrinin mövzusu həyatdan gəlir, gördüyü hadisələrin təəssüratından yaranırdı. Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızı müsahibələrinin birində bu barədə danışarkən deyirdi: “Məmmədlə tez-tez ədəbiyyatla bağlı söhbətlər edirdik. Naxçıvana Hüseyn Cavidin məqbərəsinin açılışına getmişdik. Fikrət Qoca, Musa Yaqub, Cabir Novruz və Məmməd Arazla mən bir stol ətrafında oturmuşduq. Onda belə bir söhbət düşmüşdü ki, şeiri göydən mələklər diktə edir, şairlər də yazırlar. Bu sualı ortaya atdım. Bununla bağlı hərə bir cavab verdi. Məmməd isə deyirdi ki, şeir adicə bir baxışdan, qığılcımdan yaranır. O deyirdi ki, beynində həmişə şeirin sonuncu misrası yaranır”.

“Dünya sənin, dünya mənim, Dünya heç kimin” deyib, yaranışından üzü bəri heç düzəlmək bilməyən dünyanın haqsızlıqlarına dözmür, dövrün problemlərini əks etdirən şeirlər yazırdı.

Təəssüf ki, özü də bu haqsızlıqların qurbanı oldu. Haqsız yerə “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktorun müavini vəzifəsindən kənarlaşdırılması Məmməd Araz üçün böyük zərbə oldu. Elə sağalmaz parkinson xəstəliyinə də o zaman tutuldu, yazmağa əli, danışmağa dili olmadı şairin, lakin yazdı, onun danışığını başa düşən həyat yoldaşı Gülxanım müəllimə şairin yazan əli oldu.

Yazdı, yazdıqca da xalqın ona sevgisi daha da artdı. Onun şeirləri səngərdə düşmənlə üz-üzə dayanıb Vətənin keşiyini çəkən əsgərlərin də mənəvi qidasına çevrilirdi. Səhhətindəki problemə baxmayaraq, əsgərlər arasında olur, onlardan enerji alırdı. Gülxanım müəllimə şairin Murov və Beyləqanda əsgərlərlə görüşünü belə xatırlayırdı: “Azərbaycan əsgərlərinin paradı keçiriləndə Məmməd çox sevinirdi. Bununla fəxr edirdi. İlk dəfə onun bu qədər sevindiyini görürdüm. Bir dəfə ordu generalı zəng edib dedi ki, “əsgərlər sizi görmək istəyir”. Biz də əsgərlərlə görüşə getdik. Çox qəribə idi ki, Məmmədin əsgər və zabitlər arasında sanki dili açılmış, hərəkətləri canlanmışdı. Tam fərqli Məmməd vardı qarşımda. Gümrahlığına mən mat qalmışdım”.

Həmin gün tankçılarla görüşündə Məmməd Araz fəxri döyüşçü elan edildi. Düşmənlə yüz addımlıqda yerləşən və şairin ayağı dəyən səngərə isə “Məmməd Araz səngəri” adı verildi. Murovdağda bir bulağın üstündəki böyük daşın üzərinə isə Məmməd Arazın 1994-cü ildə əsgərlərlə görüşməsi faktı əks etdirilib.

Vətən ona oğul dedi. O isə qayaların mamırı yox, böyük bir məmləkətin Vətən daşı oldu, adı ürəklərə yazıldı... Təkcə alışıb yanan ruhumuza su kimi çilənən şeirlərindən deyil, dupduru Vətən bulaqlarının, Vətən daşlarının altından kükrəyib torpağın üzünə çıxan suların aydınlığından gələn bir səs deyir:

Hansı daşda su yansa,

O daş altda Məmməd Araz yaşayır.

Zümrüd QURBANQIZI,
“Respublika”.