O, bir nümunə idi
Digər xəbərlər

O, bir nümunə idi

Təbiət əsl insana xas olan nə kimi yaxşı keyfiyyətlər varsa, hamısını ona bəxş eləmişdi. Yaraşıqlı boy-buxun, idmançı görkəmi, işgüzarlıq, səmimiyyət, daima axtarışda olub yaradıcılıq imkanlarından bəhrələnərək yaratmaq qabiliyyəti - hər şey var idi onda. Bir müddət bundan əvvəl yazdığım "Navahı çörəyi"nin ətri" adlı məqaləmdə Əlikram Cəbrayılov barədə söz açmışdım.

Onunla doxsanıncı illərdə tanış olmuşdum. Eyni rayonda mən, Hacıqabul rayon qəzetinin redaktoru, Əlikram Cəbrayılov Navahı mal-qara kökəltmə sovxozunun direktoru vəzifəsini daşıyırdıq. İşimizlə bağlı arabir görüşürdük. Sonra sözümüz, fikrimiz üst-üstə düşdü, münasibətimiz dostluğa çevrildi. Bir səbəb də o idi ki, Əlikram şeir yazır və təbii ki, yazdıqlarının rayon qəzetində çap olunmasına maraq göstərirdi. Bütün bunlarla yanaşı, o, Navahı kəndində sözün əsl mənasında şəhər mühiti yaratmışdı. Bu yaxınlarda Hacıqabul rayonunun Navahı kəndində Əlikram Cəbrayılovun həmyerlisi Nazim Zeynalovla bir daha bu unudulmaz insanı xatırladıq. Bəli, yaxşıları unutmaq olmaz, dəyərli əməl sahibləri dönə-dönə yad edilməli, onların adı-ünvanı nəsillərə tanıdılmalıdır. Biz də Nazim Zeynalovla Əlikram Cəbrayılovun ömür tarixçəsini birgə vərəqlədik:

- Navahı kəndinin tarixi qədimdir. Lakin kənd sözün həqiqi mənasında özünün iqtisadi yüksəlişinə, camaatın güzəranının yaxşılaşmasına keçən əsrin 70-ci illərindən başlayaraq bacarıqlı təsərrüfat rəhbəri Əlikram Cəbrayılovun sayəsində nail olub.

Əlikram Misir oğlu Cəbrayılov 1939-cu ildə Hacıqabul rayonunun Navahı kəndində anadan olmuşdur. Atası Misir II Dünya müharibəsinin odlu-alovlu cəbhəsindən geri dönməmişdi. Anası Bibigül xanım kirpikləri ilə od götürə-götürə Navahı kolxozunda biçinçilərə su daşıyaraq öz zəhməti ilə balaca Əlikramı və onun nitq qüsurlu qardaşı Əlövsəti çətinliklə böyütmüşdü. Müharibənin xalqımıza vurduğu sağalmaz yaranı yüksək iradə, dözüm və mətanəti ilə çiyinlərində daşıyan Bibigül xanım həyatın hər əziyyətinə qatlaşaraq Əlikramı böyütmüş, oxutdurmuş, onu cəmiyyət, xalq, dövlət üçün gərəkli bir insan səviyyəsinə çatdırmışdı. Əlikram Cəbrayılov 1957-ci ildə kənd orta məktəbini bitirmiş, Sovet Ordusu sıralarında xidmət etmiş, əsgəri xidmətini başa vurduqdan sonra 1959-cu ildə Şirvan neftdə fəhlə kimi əmək fəaliyyətinə başlamışdı. 1960-cı ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Aqrar Universitet) baytarlıq fakültəsinə qəbul olunan Əlikram 1965-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirmiş, sonrakı illərdə Atbulaq Südçülük Sovxozunda baş baytar həkim işləmişdi. İşgüzarlığı, bacarığı nəzərə alınaraq 1971-ci ilin avqust ayında Navahı mal-qara kökəltmə sovxozuna direktor təyin olunmuşdu. O, ömrünün sonuna kimi bu vəzifədə işlədi. Həmsöhbətim deyir:

- Əlikram Cəbrayılov Navahı sovxozuna direktor təyin olunduqdan sonra onun təşkilatçılığı, düzgün idarəetmə qabiliyyəti sayəsində təsərrüfatda mal-qaranın çəki artımı ilbəil yüksəldi, ət, süd, taxıl istehsalında xeyli irəliləyiş oldu. Kənd camaatının maddi rifah halı əvvəlki illərə nisbətən xeyli yaxşılaşdı, kənddə çoxlu sayda sosial obyektlər tikilib istifadəyə verildi. Navahıda demək olar ki, hər evin həyətində qaz, su kəməri var idi, evlərə telefon çəkilmiş, mədəniyyət evi, xəstəxana, dəyirman, stadion, kitabxana, məscid, rabitə qovşağı - ATS, poçt binası, uşaq baxçası, II Dünya müharibəsində həlak olanların xatirəsinə abidə kompleksi, kafe, yay kinoteatrı və s. inşa edilmişdi.

Ötən əsrin 80-ci illərinin sonunda istifadəyə verilmiş, yaraşığı ilə gözoxşayan müasir tipli "Gənclik" stadionu, Navahının "Gənclik" futbol komandası Əlikram Cəbrayılovun gərgin zəhmətinin bəhrəsi idi. O, əsl yaradıcılıq əzmkarlığı, təşəbbüskarlığı sayəsində kənd yerində göz oxşayan ot örtükləri, səliqə ilə hörülmüş daş pilləkənləri, hər tərəfdən əhatə olunmuş hündür işıq projektorları, tribunası olan stadionun inşa olunmasında necə əziyyət çəkmişdisə, eyniadlı komanda üçün həvəskar futbolçuların seçilməsində də o qədər səy göstərmişdi.

Bakının ustalardan ibarət "Neftçi" komandasının əsas heyəti, veteranları - məşhur futbolçular Anatoli Banişevski, Tofiq Axundov, Yaşar Babayev, Kazbek Tuayev və başqaları, beynəlxalq dərəcəli hakim, 1966-cı ilin dünya çempionatında "Qızıl fit" mükafatı almış Tofiq Bəhramov məhz Əlikram müəllimə hörmət əlaməti olaraq 1989-cu il noyabrın 25-də Navahıya qonaq gəlib, kənd komandası ilə yoldaşlıq görüşü keçirərək azarkeşlərə yüksək estetik zövq bəxş etmişdilər.

Doğrudan da Navahı kəndində görülən tikinti-abadlıq işləri daim qurub yaratmaq eşqiylə yaşayan, Navahını şəhər tipli qəsəbə kimi görmək istəyən Əlikram Cəbrayılovun adı ilə bağlıdır. O, təcrübəli təsərrüfatçı, bacarıqlı mütəxəssis, qayğıkeş insan, bütün mənalarda əsl nümunə idi. Əlikram Cəbrayılov şair təbiətli, mehriban insan idi. Onun 300-dən çox şeiri insanlara yadigar qalıb. Əlikram öz şeirlərində ürəyi el-oba qayğısı ilə yüklənmiş mərd insanları, Vətən, torpaq, cəmiyyət haqqında duyğu və düşüncələrini, Qarabağ dərdini, ata-ana nisgilini tərənnüm edirdi.

Əlikram müəllim həyat yoldaşı Ayişə xanımla 1 oğul 5 qız böyüdüb boya-başa çatdırdılar. Övladlarının hamısı ali təhsil aldı. Bu gözəl insan, dərin düşüncəli, bacarıqlı təsərrüfat rəhbəri 1997-ci il aprelin 11-də, 58 yaşında dünyasını dəyişdi. Özündən sonra xoş əməlləri qaldı…

Tofiq HÜSEYN,

"Respublika".