Nur-Sultanda Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında üçtərəfli görüş keçirilib
Siyasət

Nur-Sultanda Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında üçtərəfli görüş keçirilib

Qazaxıstanın paytaxtı Nur-Sultanda MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında üçtərəfli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə üçtərəfli formatın səmərəliliyi qeyd edilərək, son doqquz ay ərzində Qarabağda qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə tərəflərin gördüyü işlər müsbət dəyərləndirilib.

Törədilmiş hüquqpozmalara dair məlumatların Qarabağda yerləşən Rusiya Sülhməramlı Qüvvələrinə təhkim olunmuş Baş Hərbi Prokurorluğun nümayəndələri ilə əlaqəli şəkildə mübadiləsinin, habelə həmin məlumatlar üzrə müvafiq tədbirlərin görülməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.  

Azərbaycanın Baş prokuroru Kamran Əliyev 44 günlük Vətən müharibəsindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini vurğulayıb. Minalanmış ərazilərin xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında  əhəmiyyəti diqqətə çatdırılıb və bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub. Azərbaycan tərəfindən 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanata tam şəkildə riayət olunduğu bildirilib.

Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycan və Ermənistandan olan həmkarlarına bölgə xalqlarının rifahı naminə sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür edib.

Görüşdə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər gələcəkdə gərginliyə səbəb olan halların qarşısının alınması üçün əlaqələrin gücləndirilməsi ilə bağlı razılaşmanı bir daha dəstəkləyiblər.

AZƏRTAC