Novruzun xoş sorağı
Diaspora

Novruzun xoş sorağı

İSVEÇ

İsveçin "Cawamedia" xəbər saytında Azərbaycanda Novruz bayramının təntənə ilə qeyd olunmasından bəhs edən "Novruz" sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə minillik tarixi olan bu bayramın müasir Azərbaycanın ictimai həyatında tutduğu vacib yer barədə ətraflı məlumat verilib. Novruzun Azərbaycanda və bir sıra digər ölkələrdə yazın gəlişinin rəmzi kimi qəbul olunduğu, miqyası və unikal elementləri ilə fərqlənən bayrama hazırlığın bir ay öncədən başladığı, hər çərşənbə axşamı insanların dörd - Su, Od, Yel və Torpaq ünsürdən birini qeyd etdikləri nəzərə çatdırılıb.

"İnsanlar bir araya gələrək ağac əkir, təzə paltar tikir, yumurta boyayır və milli şirniyyat - şəkərbura, paxlava, şorqoğal hazırlayırlar", - deyə vurğulanıb.

 

DƏRBƏND

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində Novruz bayramı təntənə ilə qeyd edilib.

Dərbənd şəhər Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında baş tutan bayram şənliyində yerli ictimaiyyətin nümayəndələri və müəllim-tələbə heyəti iştirak ediblər.

Tədbirdə bildirilib ki, təbiətin yenilənməsinin, sülhün, qarşılıqlı hörmətin və həmrəyliyin rəmzi olan Novruz bayramı müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir-birini daha yaxından tanımasına, dostluq, mehriban qonşuluq münasibətlərinin təşəkkül tapmasına şərait yaradır, insanları bir araya gətirir.

Qeyd olunur ki, bayram konserti ilə davam edən tədbirdə Azərbaycan Dövlət Dram Teatrının, "Kaspi" Dağıstan Dövlət Rəqs Ansamblının, Dağıstan estradasının artistləri və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri çıxış ediblər.

 

QAHİRƏ

Misirin paytaxtı Qahirə şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Misirdəki səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, diaspor üzvləri və tələbələr iştirak ediblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir.

Tədbirdə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov diaspor təşkilatının xalqımızın mədəni irsinin, o cümlədən milli adət-ənənələrinin təbliği istiqamətində fəaliyyətindən danışıb.

Ölkəmizin Misirdəki diplomatik nümayəndəliyinin müşaviri Ramiz Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı çıxış edərək, xalqımızı və dünya azərbaycanlılarını bayram münasibətilə təbrik ediblər. Novruz bayramının tarixi və rəmzləri, milli adət-ənənələrimiz haqqında ətraflı danışan qonaqlar dünyanın müxtəlif ölkələrində, o cümlədən Misirdə yaşayan soydaşlarımızın diaspor mərkəzlərində əziz bayramı Qarabağın azadlığa qovuşması şəraitində geniş şəkildə qeyd etməsini sevindirici hal, misirli və əcnəbi tələbələrin Azərbaycan dilini öyrənməsini və bayram şənliklərində iştirakını diaspor təşkilatının böyük uğuru adlandırıblar.

Tədbir misirli tələbələrin Azərbaycana və Novruz bayramına həsr olunmuş şeirlər söyləməsi və mahnılar ifa etməsi ilə yekunlaşıb.

 

BİŞKEK

Qırğızıstanın paytaxtı Bişkekdə xalqımıza və türk dünyasına məxsus olan Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib. "Azəri" İctimai Birliyinin və Azərbaycanın Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan bayram tədbirində yerli ictimaiyyətin, Azərbaycan diasporunun və KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, "Azəri" İctimai Birliyinin sədri Əzizağa Əliyev, Qırğız Respublikasının Qazaxıstan və Tacikistanda səfiri olmuş Janış Rustenbekov və başqaları çıxış ediblər. Novruz bayramının bütün türk xalqlarının ortaq mirası, milli dəyəri olduğunu vurğulayan natiqlər Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla bütün xalqımızın Novruz bayramını təbrik ediblər. Qədim bayramın xüsusiyyətləri, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Novruzun rəsmi bayram kimi xalqımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, xaricdə yaşayan soydaşlarımızın milli adət-ənənələrimizi unutmadıqları, nəsildən-nəslə ötürdükləri nəzərə çatdırılıb.

Tədbir bayram konserti ilə davam etdirilib.