NOVRUZ: sülh, dostluq, birlik bayramı
Mədəniyyət

NOVRUZ: sülh, dostluq, birlik bayramı

Azərbaycan xalqının qədim ilkin qaynaqlarını özündə əks etdirən bayramlarından biri Novruz bayramıdır. Novruz bayramı xalqı firavan həyata, sülhə, dostluğa çağıran zəngin, əvəzsiz yaz bayramıdır. Folklorşünas M.Təhmasib yazırdı: "Bütün dünya xalqları kimi, bizim xalqımızın da tarixində saysız-hesabsız bayramlar olmuşdur. Lakin bunların heç biri Novruz bayramı qədər geniş yayılmamış, xalqın məişətində bu bayram qədər kök sala bilməmişdir". Novruz bayramı 2009-cu il sentyabrın 30-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilmiş, 2010-cu il fevralın 23- Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 64- sessiyasında martın 21-i dünyada "Beynəlxalq Novruz günü" elan edilmişdir. Bundan əlavə, 1993- ilin martında ulu öndər Heydər Əliyev Novruz bayramı üzərindən bütün qadağaları götürmüş ona "Milli dövlət bayramı" statusu vermişdir. Bu qərar qədim tarixi olan milli mədəniyyətimizin, bayramlarımızın qorunması yaşaması üçün vaxtında verilən dəyərlərdəndir.

XX əsrdə Sovetlər dövründə Novruz bayramının qadağalara, yasaqlara məruz qalmasına baxmayaraq, Azərbaycan xalqının zəngin folklor mədəniyyətinin tərkib hissəsi olan bu bayramın ümummilli bayrama çevrilməsi, onun haqqında materialların toplanması, nəşri tədqiqi sahəsində böyük zəhmətlər sərf etmiş F.Köçərli, Ə.Abid, H.Zeynallı, S.Mümtaz, Y.V.Çəmənzəminli, M.H.Təhmasib kimi ziyalılarla yanaşı, A.Nəbiyevin folklorşünaslıqdakı xidmətlərini təqdirəlayiq hesab edirik. Azərbaycan xalqının yaddaşında qorunub saxlanılan Mirzə İbrahimov, Aida İmanquliyeva, Teymur Bünyadov, Vasim Məmmədəliyev kimi tədqiqatçıların Novruz bayramı ilə bağlı elmi məqalələri nəşr olunmuşdur. Dahi mütəfəkkir Nizami Gəncəvinin, Mövlanə Cəlaləddin Ruminin, Şah İsmayıl Xətainin, Zərdüştün fəlsəfi dünyagörüşlərində digər ədiblərimizin yaradıcılığında bu mövzuya geniş yer verilmişdir.

Akademik Vasim Məmmədəliyevin "Novruz İslam" mövzusunda dərc edilmiş məqaləsində Novruz bayramının tarixən hər cür siyasi görüş əhvalatlardan uzaq olduğu, elat həyatının bütün etnoqrafik gözəlliklərini özündə əks etdirən yüksək ideyaları ilə xalqları birliyə, həmrəyliyə, qarşılıqlı anlaşmaya dostluğa səsləyən bir bayram olduğu qeyd edilmişdir.

Filologiya üzrə fəlsəfə doktoru Kəmalə İslamzadə Günəşin mərkəzi ekleptika boyunca cənub yarımkürəsindən şimala keçdiyi, gecə-gündüzün bərabərləşdiyi anının şimal yarımkürəsində baharın başlanğıcı hesab edildiyini təbiət qanunauyğunluqlarının cəmiyyətə təsirinə, onların harmoniyasına geniş yer verərək Novruzun məhz bu harmoniyanı təşkil edən bir bayram olduğu qənaətinə gəlmişdir.

Ulu əcdadlarımız qış fəslini üç qismə bölmüşdülər. Birinci Böyük Çillə, ikinci Kiçik Çillə, üçüncü Boz ay. Böyük Çillə bir az mülayim, bir az sərt qırx gün davam edir. Professor A.Nəbiyev yazırdı: "Böyük Çillə xoş qılıqlıdır, insana o qədər ziyan vurmur. Böyük Çillənin şəxsləndirilmiş obrazının əksinə olaraq Kiçik Çillə daha sərt təbiətli, amansızdır. Mərasim düşüncəsində insan özünün şərə, pisliyə münasibətinin müəyyən cəhətlərini Kiçik Çillə ilə bağlı poetik düşüncəsində vermişdir". Sonra iyirmi günlük Kiçik Çillə gəlir, soyuq, şaxta, boran çovğunla özünü göstərir. Professor Əzizə Cəfərzadə yazırdı: "Çillə sözü, ümumiyyətlə çoxmənalıdır. Amma əsas mənası, məğzi ağırlıq, çətinlik, ağır imtahan mənalarına gəlir. Çillə çıxarmaq bayramı isə olduqca şən, ağrılı-acılı Kiçik Çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinmək bayramıydı". Sonuncu dörd çərşənbənin yerləşdiyi Boz ay gəlir. O, fevralın 20- girib martın 21- sona çatır. İl mart ayının 20- təhvil olur.

Azərbaycanın müxtəlif regionlarında Novruz bayramı mərasimləri təntənəli şəkildə keçirilir. Novruzun strukturunda mövcud olan dörd ünsürün çərşənbələr şəklində burada verilməsi çox diqqətçəkicidir. Minilliklərdə olduğu kimi, Novruz adətləri bu gün ilkin mühafizəkarlığını əsasən aşağıdakı şəkildə qoruyub saxlamışdır: Su, Od, Yel (hava), Torpaq çərşənbəsi. Bu mərasimlərin həyata keçirilməsi Novruzun əsas ünsürü olan Su çərşənbəsi ilə başlayır bu proseslər Torpaq çərşənbəsinə qədər davam edir.

Qarabağda da Novruz bayramı ilə bağlı silsilə adət ənənələr, mərasimlər mövcuddur. Bunlar xalq arasında uğur gətirən ənənələr kimi geniş yayılmışdır. Dörd çərşənbə ərəfəsində qoz, armud ağaclarında yelləncəklər asılardı. Yelləncəkdə yellənənlər arasında yaş məhdudiyyəti yox idi. Qızlar, oğlanlar yellənən zaman digər tay-tuşları onun ayaqlarına vururdular ki, sevdiyinin adını desin. Deməsə nişanlısının adını deyənə kimi, vurmağa davam edirdilər. Kollektiv olaraq, yəni qızlar, oğlanlar bu mərasimdə iştirak edirdilər. Bu da Novruz şənliyinin bir mərasimi olaraq bayram gününə kimi davam edirdi.

Qarabağda çərşənbələrin sayı beşdir. İlk çərşənbə yalançı (yəni xəbərçi) çərşənbədir, 1-ci çərşənbə Su, 2-ci çərşənbə Od, 3- çərşənbə Yel, 4- çərşənbə Torpaq ilə əlaqələndirilir. Hər çərşənbənin bir ünsürə aid olması həyatverici ünsürün dirilməsi, canlanması, istiləşməsi ilə bağlıdır. "Axırıncı çaharşənbəyə M.N.Marrin Mirzə Məhəmməd Kirmanidən etdiyi tərcüməsində "çaharşənbeyi çərxi" deyilir. Buradan məlum olur ki, hər qədər adında dəyişiklik olsa da, ilin axır çaharşənbəsi istər çaharşənbeyi-suri bir-biri ilə əlaqəlidir".

Bayram gecəsi küsülüləri barışdırar, sevənləri nişanlayar, nişanlı qızlara bayram xonçaları aparardılar. "Bayramda xonça göndərmək adəti bu günə kimi davam etməkdədir". "Novruz bayramı gecəsi həm sevgi, istək gecəsi sayılır. Cavan oğlanlar sevdikləri qızlar olan evin bacasından salladıqları qurşaqların ucuna dəsmal bağlayırlar. Qız qızın valideynləri o saat mətləbi başa düşürlər. Əgər bu işə razılıq varsa, dəsmalı qurşaqdan açıb qızın qoluna bağlayardılar". Qarabağda ən geniş yayılmış kütləvi tədbirlərdən biri insanların sevinc içində Novruz bayramı toyunun keçirilməsidir. On gün müddətində bayram toyları bütün məhəllələrdə aşıqlar tərəfindən keçirilirdi. Aşıq Qaraş, nağaraçı Yelmar, dəmçi Məmmədəlinin iştirakı ilə dan yeri ağaran kimi toy çalınar bayram şənliyi keçirilərdi. İkinci Aşıq dəstəsi Aşıq Məmməd, nağaraçı Həsən züyçü Əliş, üçüncü dəstə Aşıq Məhi, züyçü İsmayıl, nağaraçı Həsən olurdu. Sonralar bu dəstələr xanəndələr ilə əvəz olundu. "Sazlar, söhbətlər, nəşəli gülüşlər, həzin bayatılar, yanıqlı şikəstələr bir-birinə qarışaraq, xoş bir təranə vücuda gətirir". Qarmonda Şeyyub, Ziyadxan nağarada ifa edirdi.

Milli-mənəvi dəyərlərə əsaslanaraq səməni cücərtmək, yumurta boyamaq, tonqal qalamaq, heybə, papaq, torba atmaq, şirniyyat bişirmək, meyvə çərəzlərdən xonça düzəltmək s. Novruz bayramının atributları bayramın hansı ərazidə keçirilməsindən asılı olmayaraq adət-ənənəyə əsasən hər bir bölgədə eynidir. Adət ənənələrdən danışarkən belə bir məsələni nəzərə almaq lazımdır ki, haqqında danışdığımız şənliklərin bir çoxu qədim kökə malik olmuşdur. Orta əsrlərdə yaşamış ata-babalarımız bu adət ənənələrin bir çoxunu öz əcdadlarından irsən qəbul etmişlər. Həmçinin hər bir bölgənin özünəməxsus adət-ənənələri, özəllikləri var. Qarabağda mərasimlər zamanı maraqlı tamaşalar göstərilir, oyunlar keçirilirdi.

Digər regionlar kimi, Qarabağda da, əhali dörd çərşənbənin keçirilməsinə ciddi əhəmiyyət verir. Qarabağda Novruz adət-ənənələri bununla yekunlaşmır. Novruz bayramına hazırlıq mərhələsi xüsusi təntənə ilə keçirilir. Bayrama bir neçə həftə qalmış səməni göyərdilir, evlər təmizlənir, torpaq bellənir, insanlar yazın gəlişini toy-büsatla qarşılayırlar.

Axırıncı torpaq çərşənbəsində baharın ilk suyundan gətirilərdi. Su sübh tezdən götürülərdi ki, insan səsi eşitməsin. Torpaq çərşənbəsinin gecəsində axşam qadınlar, qızlar, oğlanlar kiminsə evinə yığılıb çilə çıxarardılar. Bu mərasimlərdən biri "Üskük çıxarma" falı idi. Bir camın içərisinə hərə öz nişanəsini üzük, sırğa, düymə atırdı, sonra qabın üzərinə dəsmal salınırdı. Bayatı deyilirdi, bir az yaşlı qız uşağı əlini camın içərisinə salıb nişanənin birini sudan çıxarırdı. Bayatını oğlan, qız, qadın, kişi hər kəs deyə bilərdi. Bayatı çağrılanda camdan kimin nişanəsi çıxsa bayatı onun olurdu. Deyilən bayatılar həyatda öz əksini tapırdı. Bayatı söyləniləndə hələ nişanə çıxmamış hiss olunurdu ki, həmin bayatıya uyğun kimin üzüyü, nişanəsi çıxa bilər. Bunlara nümunə olaraq:

Sarı yağın tortası

Sarı kilimin ortası

Allah muradın versin

Gələn ayın ortası

 

Boz at gəlir yenişdən

Sinə bəndi gümüşdən

Allah muradın versin

Gətirdiyi yemişdən.

Novruz bayramının gəlişinə az qalmış ilin axır çərşənbəsində bayram şirniyyatı - şirin çörək (fətir, üçqulaq, ay, ulduz, balıq, saç formasında) bişirilərdi. Qorğa, tut qurusu, qoz-fındıq, qırmızı yumurta (boyaq otu ilə boyayırdıq), armud, alma qurusu, yeddi ləvin lacivərdi süfrəyə düzülərdi. Nənələrimiz səməni qoyardı. Bunun üçün buğda təmizlənir, yuyulur, bir qabın içərisinə yığılır. Üzərinə su səpilir, üstü bir balaca kətan parça ilə örtülsə kifayətdir. Suyu dəyişmək şərtilə iki gündən sonra çırtlayan (yəni cücərən) buğdanı qabaqcadan isladılmış kətan parçanın içərisinə yerləşdirilir. Kətan parça quruduqca onu su çiləyərək islatmaq cücərib kök atmış buğdaları qablara yığmaq, üstünə kətan parça salmaq, isti yerdə saxlamaq lazımdır. Hər gün buğda yığılan parçanı islatmaq lazımdır. Səməni göyərib beş sm artanda parçanı üstündən götürmək dibinə su tökmək elə etmək lazımdır ki, çürüməsin. Sonra onu sərin yerdə saxlamaq lazımdır. "Novruz bayramı üçün göyərdilmiş səməni saralıb solanda axar suya axıdılar, arxasınca şirni atılar. Belə etdikdə, deyərlər evdə xeyir- bərəkət olar". Xalq arasında ilkin inanca görə, səmənini il təhvil olan gündən on üç gün sonra ya axar suya, ya da bar ağacının altına qoyarlar.

Novruz bayramının Qarabağda keçirilən ən gözəl çağı Novruz gününün özüdür. Baxmayaraq ki, Novruza həftələrlə hazırlıq görülür, lakin xüsusi təntənə Novruz günündə təmtəraqlı olur. Novruz bayramında süfrəyə iki növ nemətlər (şirin, acı, turş) qoyulmalıdır. Birinciyə su, səməni, sünbül, süd, səbzi, sürmə, sırğa daxildir. İkinciyə isə sirkə (dad, zövq), sarımsaq (sağlamlıq), səbzi (ümid), sumax (bərəkət) aiddir. Sikkə (pul, var, dövlət), saat (uzun ömür), su (aydınlıq) ortaya səmənini qoymaq lazımdır.

 Bayramın axırıncı çərşənbəsi təbiətin ilk müjdəsi olan "Novruz" "Bənövşə" çiçəyi açılırdı.

Son dövrdə baş verən siyasi hadisələr zamanı Qarabağın əhalisi erməni təcavüzü nəticəsində öz dədə-baba torpaqlarını tərk etməyə məcbur olmuş, Azərbaycanın müxtəlif - Bakı, Gəncə, Yevlax, Ağcabədi s. bölgələrinə səpələnsələr, ağır çətin şəraitdə yaşasalar da, bu gün Novruz bayramının ənənələri qorunub saxlanılır. Ümumilikdə, bu bayram xalqımızın milli mədəniyyətinin, milli folklor zənginliyinin tanıdılması baxımından çox əhəmiyyətlidir. Milli bayramımızı, mənəvi sərvətlərimizi qorumaq, yaşatmaq, dəyərləndirmək hər bir Azərbaycan vətəndaşının borcudur.

Almara NƏBİYEVA,

BDU, filologiya fakültəsi

"Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru.