Novruz Qurbanov
Sosial həyat

Novruz Qurbanov

...1995-ci ilin mart ayı idi. Novruz bayramının qeyd olunmasına sayılı günlər qalmışdı. Novruz Qurbanov həmişəki kimi, yaxın dostları ilə təbiətin qoynunda idi. Söhbət çox şirin gedirdi. Onlar Azərbaycanın dilbər   guşələrindən, faydalı qazıntılarından, yurdumuzun flora və faunasından danışır, əminliklə bildirirdilər ki, heç vaxt yurdumuza qara əllər uzana bilməz, ərazi bütövlüyümüz göz bəbəyi kimi qorunacaq.

 

Novruz dostları ilə geri dönəndə məhəllələrində gözlənilməz bir xəbər onu sarsıtdı. Necə deyərlər, qəlbinin sarı siminə toxundu. Bildirdilər ki, mənfur niyyətli bir  qrup millət xaininin başçılıq etdiyi silahlı dəstə dövlət çevrilişinə cəhd planı hazırlamışdı. Şübhəsiz ki, bu da bütün insanları, xüsusilə yaşlı nəslin nümayəndələrini çox narahat edirdi. Bu çətin anda Milli Ordu sayıqlığını itirmədi. Yolunu azmış silahlı dəstələrin qarşısı alındı. Onlar zərərsizləşdirildi. Milli Ordunun tərkibində Novruz Qurbanovun da mübarizliyi, Vətənə sidq ürəklə bağlılığı nəzərə çarpırdı. Müstəqilliyimizi qoruyub saxlamaq üçün sinəsini irəli verdi. Güllə bu qeyrətli Vətən oğlundan yan keçmədi. 17 mart 1995-ci ildə ağır yaralandı. Onu həyata qaytarmaq  mümkün olmadı, gözlərini əbədi yumdu...

Novruz Əliyullah  oğlu Qurbanov 1975-ci il iyunun 2-də Ağstafa rayonunun Yuxarı Göycəli kəndində dünyaya göz açmışdır. O, orta məktəbdə təhsil aldığı illərdə pedaqoji kollektivin və şagird yoldaşlarının dərin hörmətini qazanmışdır. İdmanı çox sevirdi. Həmişə müxtəlif idman yarışlarında qüvvəsini sınayır, tərifnamələrə layiq görülürdü. O, X sinifdə yazdığı inşa yazılarının birində ürək sözlərini belə ifadə etmişdir: "Vətəni Vətən oğlu qoruyar. Mən fəal həyat mövqeyi tutacaq, xalqıma layiq bir övlad olacaq, torpağımı sidq ürəklə sevəcək, çoxlarına örnək olacağam". Novruz nə cür fikirləşirdisə, elə də oldu, Vətəni üçün bir qəhrəmana çevrildi, insanların qəlbində əbədilik yaşamağı bacardı...

Novruz əsgəri xidmətdə olarkən dəfələrlə valideynlərinin ünvanına razılıq məktubu gəldi. Xidmət dövründə hərbi mexanikanın sirlərini mükəmməl öyrəndi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il  tarixli 307 saylı fərmanı ilə  Novruz Əliyullah oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Onun uyuduğu məzar ağstafalıların and yerinə çevrilmişdir.

Novruz Qurbanovun doğulduğu kənddə büstü qoyulmuşdur.

Qədir ASLAN,

"Respublika".