Növbəti beynəlxalq nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir
Digər xəbərlər

 Növbəti beynəlxalq nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda müharibə bölgəsindən çox uzaqda yerləşən mülki əhali və infrastrukturlara hədəflənmiş raket hücumları nəticəsində dağıdılmış  ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

Qurumun mətbuat xidməti xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri İslam Əməkdaşlıq Təşkilatının Müstəqil  Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti ilə birgə yerində araşdırılacaqdır.

Bu gün nümayəndə heyəti Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-in üzvü Aydın Səfixanlı ilə birlikdə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edən nümayəndə heyətinin üzvləri sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhu ehtiramla anılıb.

Səfər müddətində keçiriləcək rəsmi görüşlər və faktaraşdırıcı missiyalar barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.