Notarius  vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
Digər xəbərlər

Notarius  vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə

Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə 2022-ci il mayın 24-də keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibənin keçirilməsinə iyunun 10-dan etibarən başlanılacaq.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsahibə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcək.

Xatırladırıq ki, imtahanın keçirilməsi qaydalarına görə müsahibənin nəticələrinə əsasən uğur qazanmış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunlarına dair qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.

Əlavə məlumatları (012) 404-42-28, (012) 404-42-19 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

AZƏRTAC