NOTARİAT XİDMƏTLƏRİNİN OPERATİVLİYİ VƏ ƏLÇATANLIĞI TƏMİN EDİLİR
Sosial həyat

NOTARİAT XİDMƏTLƏRİNİN OPERATİVLİYİ VƏ ƏLÇATANLIĞI TƏMİN EDİLİR

Artıq on ilə yaxındır ki, müvafiq hüquqi-normativ baza əsasında formalaşdırılan “Elektron hökumət” sistemi getdikcə şaxələndirilir, dövlət xidmətlərinin yeni-yeni növləri bu sistemə inteqrasiya olunur. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi üzrə təşkil edilmiş və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron hökumət” portalı - www.e-gov.az xeyli müddətdir istifadədir.

Ölkəmizin hüquq sistemində özünəməxsus yeri olan ədliyyə orqanlarında da müasir texnologiyaların və innovasiyaların, o cümlədən elektron xidmətlərin tətbiqi diqqət mərkəzindədir. Hazırda Ədliyyə Nazirliyi tərəfindən əhaliyə 31 elektron xidmət göstərilir ki, ötən il bu xidmətlərdən istifadə sayı 1,4 milyondan çox olub. Koronavirus infeksiyası ilə əlaqədar qlobal pandemiya şəraitində sosial təmasların məhdudlaşdırıldığı bir vaxtda elektron xidmətlərdən istifadə vətəndaşlarla ədliyyə orqanları arasında əlaqələri asanlaşdırıb. Notarial xidmətlərin elektronlaşdırılması istiqamətində yeniliklər də bu baxımdan xüsusilə diqqəti cəlb edir.

Notariat fəaliyyətinin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsinin ən mühüm mərhələsi onun avtomatlaşdırılmasıdır - desək, yanılmarıq. Bu, notariat ofislərində işin səmərəliliyinin və xidmətin keyfiyyətinin artırılmasında, vətəndaş məmnuniyyətinin təmin edilməsində mühüm rol oynayır. Respublikanın notariuslarını vahid şəbəkədə birləşdirən, yerinə yetirilmiş notariat hərəkətləri haqqında məlumatları arxivləşdirən və toplayan, notariuslar arasında real vaxt rejimində məlumat mübadiləsini təmin edən mərkəzləşdirilmiş “Notariat sənədlərinin elektron məlumat bankı” informasiya sistemi 2007-ci ildə istifadəyə verilsə də, onun tətbiqi zamanı proqram təminatının təkmilləşdirilməsinin zəruriliyi məsələsi qarşıya çıxıb. Bununla əlaqədar olaraq, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi və İnformasiya-kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən təmin edilən dövlət elektron informasiya mənbəyi - “Elektron notariat” informasiya sistemi yaradılıb və 2018-ci ildə istifadəyə verilib. Bu sistem fiziki və hüquqi şəxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, dövlət qurumları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasına və bununla da həmin qurumlara müraciət edilməsi zərurətinin aradan qaldırılmasına imkan verib. Belə ki, bütün notariat hərəkətlərinin layihələri - hazır formalar və mətnlər notarius tərəfindən tərtib olunaraq sistemdə saxlanılır. Sənədlər tərtib edilərkən notarius hazır layihələrdə müəyyən düzəlişlər edə bilər. Sadəcə sistemdə notariat sənədlərinin nümunələrinin mövcudluğu notariusların işini asanlaşdırır, sürətləndirir, məhsuldarlığı və xidmətin keyfiyyətini artırır.

Bununla yanaşı, Ədliyyə Nazirliyi səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar “Elektron notariat çantası” hazırlayaraq notariusların istifadəsinə verib. Elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan həmin çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür.

Daha bir yenilik sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında “Elektron ədliyyə köşkü”nün quraşdırılmasıdır. Burada vətəndaşlara videoəlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlər göstərilir. Azərbaycan ədliyyəsinin innovativ brendi olan və 2019-cu ildə istifadəyə verilən “Mobil notariat” tətbiqini isə texnoloji inkişafın növbəti mərhələsi kimi dəyərləndirmək olar. Həmin tətbiq vasitəsilə elektron notariat kabineti yaradan vətəndaşlar notariat fəaliyyəti ilə bağlı bütün məlumatları öz mobil telefonlarına yükləyə bilərlər. Pandemiya dövründə bu tətbiqdən geniş istifadə olunur. Vətəndaşlar notariat ofisinə getmədən notariusla videoəlaqə yaradaraq nəqliyyat vasitələrinin idarə olunması və ona sərəncam verilməsi, habelə hüquqi yardımla bağlı vəkilə verilən və bəzi digər etibarnamələrin elektron qaydada rəsmiləşdirilməsinə nail olurlar.

“Mobil notariat” vasitəsilə banklarda təmsilçilik məqsədilə verilən etibarnamələrin, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələrin elektron qaydada videoyazı vasitəsilə rəsmiləşdirilməsi də mümkündür. Bank əməliyyatları üçün zəruri olan notariat hərəkətlərinin videoəlaqə vasitəsilə rəsmiləşdirilməsi məqsədilə banklarda müvafiq avadanlıqla təchiz edilmiş notariat kabinəsi quraşdırılmışdır. Eyni xidmətlər “DOST” mərkəzlərində də göstərilir.

“Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən vətəndaşların kredit tarixçəsi ilə bağlı notariat hərəkətlər də “Elektron notariat” informasiya sistemi vasitəsilə tənzimlənir və icra edilir.

“Mobil notariat” tətbiqi üzərindən daşınmaz əmlaka sərəncam verilməsinə dair ərin, yaxud arvadın, həmin ünvanda qeydiyyatda olan şəxslərin razılıq ərizələrinin elektron qaydada rəsmiləşdirilməsi mümkündür. Notariuslar borc müqavilələrinin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı müqavilə tərəflərinin hüquqlarının qorunması, hüquqi məlumatsızlığın onlara vura biləcək ziyanın qarşısının alınması və vərəsələrin kreditorlar qarşısında məsuliyyətinin izah olunması məqsədilə kredit bürosunun məlumatlarından istifadə edəcəklər. Bu zaman notarius notariat hərəkəti aparılan şəxslər barədə kredit bürosunda mövcud olan elektron məlumatı informasiya sistemi vasitəsilə yoxlayırlar.

“Elektron notariat” informasiya sistemi notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli sadələşdirib, notarial xidmətlərə əlçatanlığı asanlaşdırıb. Ədliyyə sistemində, o cümlədən vətəndaşların ən çox istifadə etdiyi xidmətlərdən olan notariatda rəqəmsal imkanların genişləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının mühüm göstəricilərindəndir.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.