Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb
MÜSAHİBƏLƏR

Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb

Biz, Rusiya Milli Kitabxanasının əməkdaşları ədəbiyyatın Rusiyada az tanınan şərq fondlarına yanaşmada populyarlaşdırma fəaliyyəti aparmağa çalışırıq, onları elektron sərgilər və tematik bölmələr formatında kitabxananın saytında təqdim edirik. Belə bölmələrdən biri olan "Müsəlman kitabının tərtibatı sənəti" Azərbaycanın dahi şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Bakıda keçirilən "Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü" mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunda iştirak edən Rusiya Milli Kitabxanasının əlyazmalar şöbəsinin böyük elmi işçisi Olqa Yastrebova bildirib.

O, dahi şairin əsərlərinin motivləri əsasında çəkilən miniatürlərin şərq ölkələrində böyük populyarlıq qazandığını bildirərək vurğulayıb: "Nizaminin əsərlərinin miniatürləri və əlyazmalar siyahısı bacarıqlı sənətkarlar tərəfindən yaradılıb və orta sinif nümayəndələrindən tutmuş hökmdarlara, əyanlaradək bütün təbəqələr arasında böyük populyarlıq qazanıb. Biz də, öz növbəmizdə, həmin əsərlərin rus oxucusuna layiqincə təqdim olunması üçün əlimizdən gələni edirik".

Nizami Gəncəvinin əsərlərinin qlobal xarakterini qeyd edən O.Yastrebova deyib: "Nizami öz nəsihətlərini və müdrikliyini təkcə Gəncə sakinlərinə deyil, bütün bəşəriyyətə ünvanlayıb".

AZƏRTAC