Nizami Gəncəvi irsinə dair ingilis dilində nəşr edilmiş kitabların təqdimat mərasimi keçirilib
Mədəniyyət

Nizami Gəncəvi irsinə dair ingilis dilində nəşr edilmiş kitabların təqdimat mərasimi keçirilib

Noyabrın 3-də "Four Seasons" otelində VIII Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində nəşr etdirdiyi "Nizami Ganjavi: The Poet and the sage" (Nizami Gəncəvi: Şair və Müdrik) və "Nizami Ganjavi's "Seven Beauties" and other Essays on Literature" (Nizami Gəncəvinin "Yeddi Gözəl" əsəri və ədəbiyyat barədə digər esselər) kitablarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, "Nizami Gəncəvi: Şair və Müdrik" kitabının müəllifi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin, "Nizami Gəncəvinin "Yeddi Gözəl" əsəri və ədəbiyyat barədə digər esselər" kitabının müəllifi isə Mərkəzin digər həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqadır.

Təqdimat mərasimində çıxış edən Vayra Vike-Frayberqa pandemiya ilə bağlı məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, beynəlxalq səviyyəli belə bir Foruma ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib, Bakının hər gün sürətlə inkişaf etdiyini vurğulayıb.

İsmail Serageldin çıxışında Nizami Gəncəvi ailəsi olaraq göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, nəfis tərtibatda nəşr olunmuş kitabların Nizami Gəncəvinin irsinə bir töhfə olduğunu vurğulayaraq deyib ki, Nizami Gəncəvi yaradıcılığı humanizmi, yüksək sənətkarlıq keyfiyyətləri ilə dünya ədəbiyyatına öz təsirini göstərib.

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas istiqamətlərindən biri də Nizami yaradıcılığı ilə bağlı beynəlxalq səviyyədə istinad oluna biləcək kitabların nəşridir. Bu gün təqdim etdiyimiz nəşrlər də bu məqsədə xidmət edir", - deyə müəllif qeyd edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-6-da "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.

Panellər formasında təşkil olunan tədbir çərçivəsində "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə: sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.

AZƏRTAC