Nikol Paşinyanın Zəngəzur xofu
Siyasət

Nikol Paşinyanın Zəngəzur xofu

Mayın 25- Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdəki iclasında qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin açılması təşəbbüsü ilə çıxış etdikdən sonra, Rusiya dövlət başçısı Vladimir Putinin sözünü kəsərək hər zaman olduğu kimi, əsassız fikirlər səsləndirən Nikol Paşinyanın budəfəki tədirginliyinin səbəbi Zəngəzur xofu olub.

Nəqliyyat dəhlizini ərazi bütövlüyü məsələsi ilə qarışdıran, özünüidarəetmə instinktini itirən Nikolun sərsəm çıxışları elə ilk öncə öz ölkəsində böyük tənqidlə qarşılanıb. Bəzi erməni deputatlar, politoloq nəşrlər Nikol Paşinyanın üçtərəfli Bəyanatın imzalanmasından illər keçdikdən sonra buna etiraz etməsini aktyorluq adlandırıblar. Nikol Paşinyana qarşı sərt tənqidlərin əsas səbəbi əvvəlcə buna razılıq verən baş nazirin indiki halda, dəhlizdə işlərin sürətlə getdiyini görüb etiraz etməsidir. Ermənistan tərəfinin bu cür ziqzaq siyasət aparması illərdir bizə məlumdur ölkə başçısı da bunu hər zaman bildirib. İrəvan siyasi rəhbərliyi belə manevrlər etsə sonunda Azərbaycanın qəti mövqeyilə razılaşmalı olub. Bunu biz son olaraq qarşı tərəfdən ölkəmizin ərazi bütövlüyünün tanınmasında gördük. Bir zamanlar "Qarabağ Ermənistandır", deyən baş nazir, indi "Qarabağ Azərbaycandır", - deyir. Heç kimə sirr deyil ki, Paşinyan bunu könül xoşluğu ilə deyil, məcbur qalaraq, Azərbaycan xalqının iradəsinin qarşısında diz çökərək, 44 günlük Vətən müharibəsində kapitulyasiya aktına imza ataraq razılaşıb. İndi isə Zəngəzur dəhlizinə bu cür etiraz etməsi bizim üçün bir o qədər təəccüblü olmadı. Hər şeydən öncə, Ermənistan baş nazirinin qərəzli fikirlərini imza atdığı sənəd təkzib edir. 2020-ci ildə imzalanmış 10 noyabr bəyanatının 9-cu bəndində deyilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Bəyanatda yer alan "maneəsiz hərəkətin təşkili" ifadəsinin dəhlizlərə aid olması da hər kəsə məlumdur. Dünyanın bir çox yerlərində dəhliz anlayışı var bu, hər hansısa bir ölkənin ərazisinin zəbt edilməsi kimi başa düşülmür. Nikol dövlət başçımızın Zəngəzur dəhlizi ifadəsini işlətməsindən sonra bu qədər həyəcan keçirməsinin bir səbəbi , illər keçdikcə Prezident İlham Əliyevi yaxşı tanımasıdır. Artıq özü başa düşür ki, Azərbaycan tərəfindən gündəliyə çıxarılan hər bir məsələ müəyyən müddət keçdikcə reallaşır. Zəngəzur dəhlizinin həyata keçməsi nəticəsində 100 ildən sonra Türk dünyası arasındakı qoparılmış əlaqə yenidən bərpa ediləcək. Bu da regionda Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsinə səbəb olacaqdır.

Laçın yolunda qurulan nəzarət-buraxılış məntəqəsinə diqqət çəkməyə çalışan Paşinyanın bunun qanunauyğun olmadığını ora beynəlxalq missiya göndərilməsinin vacib olduğunu deməsi Vladimir Putinin gülüşünə səbəb olub. Paşinyanın Rusiya sülhməramlılarının nəzarətində olan Laçın-Xankəndi yoluna qərbin missionerlərini gətirmək arzusu elə xəyal olaraq da qalacaq. Əslində Paşinyanın səsləndirdiyi bu ideya öz beyninin məhsulu deyil. Bu siqnalların ona Fransadan ötürüldüyü açıq-aşkardır. Sirr deyil ki, Fransa Ermənistan üzərindən Cənubi Qafqazda siyasi gücünü artırmaq üçün əlindən gələni edir. hər vasitə ilə Rusiyanı regiondan çıxarmağa çalışır. İrəvan liderinin Rusiya sülhməramlı kontingentindən şikayət etməsi anlaşılan deyil. Çünki Qarabağa gəldiyi gündən bəri ermənilərə nökərliyi öz üzərlərinə götürən sülhməramlı kontingentin tərəflərə neytral yanaşmaq əvəzinə ermənipərəst mövqe tutması, Laçın-Xankəndi yolundan sui-istifadə hallarına yol verməsi sonunda nəzarət-buraxılış məntəqəsinin qurulması ilə nəticələnmişdi. İndi növbə Zəngəzur dəhlizinindir. Qaldı ki, Paşinyanın Zəngəzur xofunaO, buna hazır olmalıdır, çünki bundan sonra Zəngəzur sözünü tez-tez eşidəcək...

Musa BAĞIRLI,

"Respublika".