Nikol Paşinyanın xəyalpərəstliyi
MÜSAHİBƏLƏR

Nikol Paşinyanın xəyalpərəstliyi

Ermənistanın baş naziri Nikol Paşinyan erməni mətbuatına verdiyi açıqlamasında Qazaxın 7 kəndi Kərki olmaqla, ümumilikdə 8 kəndi qaytarmağa hazır olduqlarını bildirib. Amma Paşinyan bunun yalnız bir şərtlə mümkün olacağını deyib. Baş nazir Azərbaycanın da "erməni kəndləri"ni təhvil verməli olduğunu bildirib. İrəvan rəsmisinin iddiasına görə, Berkaber, Vazaşen, Ayqeovit, Paravakar kəndləri Azərbaycanın nəzarətindədir.

Siyasi şərhçi Asif Nərimanlı Ermənistanın baş naziri Nikol Paşinyanın hansı əraziləri nəzərdə tutduğuna aydınlıq gətirib. Onun sözlərinə görə, Nikolun adını çəkdiyi Berbaker kəndinin əsl adı Bibiş olub. Orada da 1988-89-cu illərdə azərbaycanlılar yaşayıblar. Qarabağda erməni separatizmi başlayanda isə soydaşlarımız deportasiyaya məruz qalıblar:

"Vazaşenin isə əsl adı Lələkənd olub. Tarixi Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-in qərarı ilə dəyişdirilərək Vazaşen qoyulub. Ayqeovit kəndi isə 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər bu əraziyə öz qondarma adlarını veriblər. Paravakarın tarixi adının Tatlı olduğu da hər kəsə məlumdur. Sözügedən kənd Ermənistan SSR yaranandan sonra tədricən ermənilərin məskunlaşdığı əraziyə çevrilib. Bunlar tarixi mənbələrdə öz əksini tapan faktlardır.

Digər tərəfdən, Azərbaycanın tarixi torpaqları olan bu ərazilər, əslində birbaşa bizim nəzarətimizdə deyil, mövcud şərti sərhəd xəttində yerləşir. Nikol Paşinyanın istəyi isə Azərbaycan ordusunun geri çəkilməsi bu kəndlərin üzərindəki nəzarətin aradan qalxmasıdır. Diqqətçəkən məqamlardan biri Paşinyanın "Azərbaycanda qalan ərazilər" iddiasında Gədəbəyin Başkənd kəndinin adını çəkməməsidir. Başkənd Azərbaycan torpağıdır, lakin SSRİ dövründə burada ermənilər yaşadığı üçün "erməni anklavı" kimi qəbul olunurdu. 1992-ci ildə ordumuz kəndə nəzarəti bərpa etdi. Ermənistan zaman-zaman Başkəndin onlara məxsus olduğunu iddia edir, 8 kəndin qaytarılması məsələsi gündəmə gələndə bunu ortaya atırlar. Hərçənd, Nikolun Başkənd iddiasını yeniləməməsi maraq doğurur. Mümkündür ki, erməni baş nazir daha real hesab etdiyi əraziləri, yəni sərhəd boyunca ordumuzun nəzarət xəttində yerləşənləri ala biləcəyini düşünür. Bu baxımdan, Bakının 8 kənd tələbinə qarşı bu iddianı ortaya atır".

Ermənistanın baş naziri Nikol Paşinyanın bu iddiası sərhədin 1975-ci il xəritəsinə uyğun müəyyən edilməsinə hesablanıb. Amma rəsmi Bakının mövqeyi əsrin əvvəlindəki xəritələrin əsas götürülməsidir. Bu məqamda, 8 kəndin taleyinin hərbi müstəvidə həll edilməsi variantı da istisna deyil.

Jalə QASIMZADƏ,

"Respublika".