Nəzarət-buraxılış məntəqəsinin qurulması təhlükəsizliyin və suverenliyin təminatıdır
Siyasət

Nəzarət-buraxılış məntəqəsinin qurulması təhlükəsizliyin və suverenliyin təminatıdır

Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın 10 noyabr Bəyanatına sadiqliyinin nümunəsidir. Prezident cənab İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti Azərbaycanı bölgədə sülh və təhlükəsizliyin qarantına çevirir.

Azərbaycanın legitim hüququ olan bu addım qanunvericilikdə dövlət sərhədinin Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdudu olması faktı ilə üst-üstə düşür. Lakin Ermənistan və havadarlarının zehniyyəti bölgədə destabil vəziyyət yaratmağa fokuslanıb. Şübhəsiz ki, nəzarət-buraxılış məntəqəsinin yaradılmasından sonra öz qanunsuz əməllərini davam etdirə və Xankəndiyə təxribatçı daşımaları həyata keçirə bilməyəcək və bu, "narahatlığın" əsas səbəbidir. Üçtərəfli Bəyanatda müəyyən edilən məqsədlərdən kənar, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri tərəfindən hərbi məqsədlər üçün Laçın-Xankəndi yolunu istifadə edən, Qarabağa silah, mina və canlı qüvvə daşınmasını həyata keçirənlər keçmişdə olduğu kimi, bu gün də öz arzularına nail ola bilmədilər. Məhz buna görə, buraxılış məntəqəsinin qurulması bütövlükdə təhlükəsizliyin, o cümlədən suverenliyin ilkin şərtlərindən birinin təmin edilməsidir və önəmli rol oynayır.

Heç bir məntiqi əsasa sığmayan etirazlar, bölgədə gərgin vəziyyətin qorunub saxlanılması, sülh prosesini ləngitmə cəhdləri növbəti erməni təxribatını bizə göstərmiş olur. İlkin olaraq, Ermənistan özü birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurmuşdur və belə olan halda həmin yol üzərində Azərbaycan DSX-nin nəzarət-buraxılış məntəqəsinin qurulmasına qarşı fikir bildirmək iflasa uğramış siyasətin göstəricisidir. Hər vəchlə Azərbaycanın bölgədə sülh və sabitlik cəhdlərinə əngəl törədən haylar gah ekofəallarımızın haqq işinə kölgə salmaq istədilər, gah da Qarabağda yaşayan mülki erməni əsilli Azərbaycan vətəndaşlarından istifadə etməyə çalışdılar. Lakin həqiqət isə göz qabağındadır. 12 dekabr 2022-ci ildən etibarən başlayan ekofəalların etiraz aksiyası bu günə qədər yolu humanitar məqsədlər üçün məhdudlaşdırmamış, Qarabağın erməni əsilli sakinlərinin bu yolla hərəkəti tam təmin edilmişdir. Bununla yanaşı, bütün humanitar yüklər sərbəst şəkildə əraziyə buraxılmışdır. Ardıcıl görülən humanitar addımlardan biri də müharibədən sonra Azərbaycanın davamlı olaraq erməni əsilli sakinləri reinteqrasiya prosesinə təşviq etməsidir. Lakin bu məqamda da erməni separatizmi bu təşəbbüslərə mane olur.

Sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması yerli əhalini reinteqrasiya prosesi haqqında düşünməyə yenidən təşviq edəcək. Onlar nəhayət ki, qərara gələrək ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, "Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar". Əfsuslar olsun ki, Ermənistan yeritdiyi anti-Azərbaycan siyasəti ilə dövlətimizin attığı humanitar addımları ləkələyir və sülh prosesinə kölgə salır.

10 noyabr Bəyanatının imzalanmasında Ermənistan "Laçın dəhlizi"nin 20 kilometr enində olmasını və özlərinin nəzarət etməsini istəyirdi. Hələ də "böyük Ermənistan" xülyasında olan haylar "Qarabağ iddiası"nı saxlamağı planlaşdırırdı. Lakin döyüş meydanında qalib olan Prezident İlham Əliyev diplomatik müstəvidə də qətiyyəti ilə Azərbaycanın mövqeyini nümayiş etdirdi. İlkin olaraq, ölkə başçımız dəhlizin 20 km enində və Ermənistanın nəzarətində olmasının qarşısını aldı. Humanitar məqsədlər üçün yolun 5 km olmasını məqbul hesab edən Prezident İlham Əliyev bu addımla Ermənistanın xain xislətini ifşa etmiş oldu. Bununla yanaşı, 3 il müddətində istifadəyə verilməli olan yolun çəkilməsi ölkə başçımızın diqqət və qayğısı sayəsində ilyarıma başa çatdı.

Ölkə başçımız Azərbaycanın suveren hüquqlarının qorunması çərçivəsində diplomatik müstəvidə Azərbaycanı uğurla təmsil edir. Bəyanata daxil edilən yeni yol strategiyası ilk baxışdan sadəcə Laçının mərkəzinin qaytarılmasına hesablanmış kimi görünsə də, ölkə başçımızın bu addımı önəmli bir məsələni özündə ehtiva edir. Belə ki, Laçının mərkəzinin Azərbaycana qaytarılması müddəalarının bəyanata daxil edilməsi, heç bir itki vermədən rayon mərkəzini işğaldan azad etmiş oldu. Prosesin davamında isə Ermənistan üçtərəfli Bəyanatdakı digər öhdəliklərində olduğu kimi, öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngidirdi, təxribatlarla prosesi uzatmağa çalışırdı. Dövlətimizin qətiyyəti sayəsində bu yolun inşası təmin olundu.

Qeyd edək ki, ilk dəfə Münhen konfransında nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruriliyi beynəlxalq müstəvidə dilə gətirildi. Həmin konfransda Prezidentimizin təklifinə yaranan təəccüblər qlobal güclərin Laçın yolunda baş verən proseslərlə bağlı Azərbaycanın mövqeyinin doğru hesab edilməsindən xəbər verirdi. Belə ki, erməni lobbisinin "qızğın" fəaliyyəti hakim dairələrdə çaşqınlığa səbəb olmuşdu. Lakin bu açıqlamalardan sonra Ermənistanın böhtançı mövqeyi iflasa uğradı. Hazırda isə Ermənistan Laçın yolunda nəzarətsiz daşımaları sonadək davam etdirməyin mümkünsüz olduğunu anlamalı və sülh prosesinin irəliləməsi üçün addımlar atmalıdır. Heç şübhəsiz, hayların yeni ideoloji təxribatlara başlayacağı istisna deyil və bu yolda ilk addımlar artıq atılır. Ermənistan bu məntəqəni Xankəndi ermənilərinin daha sıx blokadaya salınması kimi qələmə verməyə çalışır. Bundan öncə, Azərbaycan ekofəalların aksiyası Ermənistanın yalanlarını beynəlxalq diplomatik informasiya müstəvisində ifşa etdi və göstərdi ki, Laçın yolunda bundan sonra da ölkə başçımızın qətiyyəti və sarsılmaz iradəsi ilə nəzarət-buraxılış məntəqəsi ilə bağlı Ermənistanın bütün informasiya-ideoloji təxribatları iflasa məhkum ediləcək.

 Qarabağ və ətraf ərazilərimizin hərbi-siyasi yolla azad edilməsi, bu yolda şəhid olan igidlərimizin əbədi və əziz xatirəsi, minlərlə yurd-yuvasından didərgin düşmüş ailələrin öz ocaqlarına qayıtması, 30 ilə yaxın davam edən həsrətin sona çatması - bütün bunlar mübariz dövlətin yenilməzliyindən, əbədiyaşarlığından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən söylədiyi fikirlər isə heç bir təxribatın və təzyiqin Azərbaycanın haqq işinə kölgə sala bilməyəcəyini bir daha təsdiq edir: "Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir".

 Nurlan ABDALOV,

 "Respublika".