Nəzarət-buraxılış məntəqələri yaradılmalıdır
Siyasət

Nəzarət-buraxılış məntəqələri yaradılmalıdır

Sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması üçün bu mühüm mərhələnin reallaşması mütləqdir

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ dövlət katibi Antoni Blinkenin və Ermənistan baş naziri Nikol Paşinyanın üçtərəfli görüşündə dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.

Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev deyib: "...Eyni zamanda bildirdim ki, yaxşı olardı ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik. Bu gün rəsmən vermişik. Əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdı. Ermənistan tərəfindən hər hansısa bir mövqe səsləndirilmədi, yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etməyə".

Bəli, Ermənistan Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması təklifini qəbul etməyib, çünki bu təklif "Zəngəzur dəhlizi və Laçın dəhlizinin eyni rejimlə işləməsi" prinsipinə əsaslanır ki, bu da İrəvana sərf etmir.

İrəvanın əsas dərdi Laçın yolundakı azərbaycanlı ekofəalların aksiyasının başa çatdırılmasıdır. Bunun üçün dəridən-qabıqdan çıxan ermənilər Beynəlxalq Ədalət Məhkəməsinə də baş vurdular ki, bunun da nəticəsi bəllidir. Yəni məhkəmə İrəvana istədiyini vermədi. Doğrudur, Ermənistan bu dəfə də ağ yalan danışmaqdan çəkinmədi, Nikol Paşinyan öz sərsəm açıqlamalarında məhkəmənin guya "onların xeyrinə qərar qəbul etdiyi" barədə fikirlər səsləndirdi. Əslində isə məhkəmənin qərarı İrəvanı hüquq müstəvisində çətin duruma salıb. Aksiya isə davam edir. Ekofəallar tələbləri yerinə yetirilənədək öz mövqelərini tərk etməyəcəklərini bəyan edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev Münxen görüşündən sonra bu mövzuda danışarkən bir daha Bakının haqlı tələblərinə diqqət çəkib. Dövlət başçısı bildirib ki, erməni tərəfinə həm Zəngəzur dəhlizinin, həm də Laçın yolunun giriş-çıxışında nəzarət-buraxılış postlarının qoyulması barədə təklif edib: "...biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın yolu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır".

Ekspertlərin rəyinə görə, bu təklifin reallaşdırılması ilk növbədə Laçın yolu ilə bağlı İrəvanın manipulyasiyalarına, blokada isterikasına son verə bilər. Azərbaycan onsuz da buna nail olacaq, çünki özünün suveren ərazisində postlar qurmaq onun haqqıdır. Ermənilərin narahatçılığı isə əbəs yerə deyil, axı onlar Laçın yolu ilə istədiklərini keçirə bilməyəcəklər. O səbəbdən də Ermənistan öz düşmənçiliyindən əl çəkmək istəmir. Bununla bağlı isə yeni faktlar ortaya çıxıb. Belə ki, Ermənistandakı "Vətənin gücü" partiyasının sədri Tiqran Arzakantsyan belə bir iddia irəli sürüb ki, guya Laçın yolundakı etirazçılar Rusiya sülhməramlılarının avtomobillərini yoxlamağa başlayıblar. Bu barədə o, özünün feysbuk səhifəsində yazıb və Rusiyanı aksiyaçılara qarşı tədbir görməyə, ümumiyyətlə aksiyanı dağıtmağa çağırıb. Aydındır ki, erməni tərəfinin bu qəbildən olan isterikası hər şeydən öncə aksiyanı nüfuzdan salmaq, Rusiyanı Azərbaycana qarşı qaldırmaq, iki ölkə münasibətlərini gərginləşdirməkdir. Faktlar isə buna imkan vermir. Məlum olur ki, Qarabağdakı ermənilərin artıqlaması ilə ərzağı da var, dərmanı, suyu da. Aralarında acından ölmə halları da mövcud deyil. Burada humanitar yüklərin daşınması üçün heç bir maneə yoxdur və olmayacaq. Ermənilərin bütün oyunları Zəngəzur dəhlizinin açılmasına maneə yaratmağa istiqamətlənib. Təbii ki, bu, onların istəyidir. Bu dəhlizin açılmasını isə ilk növbədə Avropa istəyir, çünki bu yoldan ən çox faydalanan onlar olacaqlar. Çin də maraq göstərirsə, Türk dünyasının da marağındadırsa Ermənistan buna necə qarşı çıxacaq? Üstəlik Rusiyanın da bu kommunikasiyanın açılmasında maraqları var. Beləliklə, Zəngəzur dəhlizinin hər iki başından nəzarət-buraxılış məntəqələrinin qurulması zərurətə çevrilir.

"Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir" prinsipini rəsmi Bakı ilk dəfə Brüssel görüşündə gündəmə gətirib. İndi Ermənistan Zəngəzurdan dəhliz vermirsə, o zaman Azərbaycan Laçın dəhlizinə nəzarət-buraxılış postu qura bilər. Laçından dəhliz keçirsə, 10 noyabr razılaşmasına uyğun Zəngəzurdan da dəhliz verilməlidir. Bu, həm də beynəlxalq oyunçuların - Qərbin və Rusiyanın istəklərini Azərbaycanın maraqlarına uyğunlaşdırmaqdır.

Hər bir halda nəzarət-buraxılış məntəqələrinin yaradılması yalnız sülhdən keçir.

Zümrüd QURBANQIZI,

"Respublika".