Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib
Sosial həyat

Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib

Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində 20 Yanvar küçəsi 7a, 9 və Hüseyn Seyidzadə küçəsi 11 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq 20 Yanvar küçəsi 7a saylı binanın fasadı, dam örtüyü əsaslı təmir edilib, 4 ədəd giriş qapısı, pilləkən qəfəslərinin 16 ədəd pəncərəsi, yağış suları axıdan borular və navalçalar dəyişdirilib.

Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 2000 kvadratmetr asfalt örtüyü, 1000 kvadratmetrə yaxın qazon, 200 kvadratmetrdən çox tamet daşı vurulub, 300 poqonometr yeni bordür və kiçik tullantıların atılması üçün zibil qutuları qoyulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 50 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib və yaşıllıqların suvarılması üçün su xətti çəkilib. Həyətdə yeni işıqlandırma sistemləri qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanındakı həyətlərdə də abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

AZƏRTAC