Sosial həyat

"Nəsillərin görüşü" adlı konfrans

Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə "Nəsillərin görüşü" adlı konfrans keçirilib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qalibiyyətə həsr edilən konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının tarixi zəfəri münasibətilə bir araya gəlməkdən məmnunluğunu bildirib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ərazi bütövlüyümüz uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev çıxış edərək 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin xalqımızın tarixində müstəsna rol oynadığını bildirib və xalqımızı bu zəfərə qovuşduran Ali Baş Komandana, Şanlı Ordumuza minnətdarlığını ifadə edib.

Konfransda çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Vətən müharibəsində əldə edilən zəfərdə ölkə gəncliyinin yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpasına böyük töhfə verdiyini qeyd edib.

Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi qələbənin Azərbaycan xalqının həyatında həlledici rol oynadığını, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün geniş perspektivlər açdığını qeyd ediblər. Vurğulanıb ki, bu zəfər əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcək, qəhrəmanlarımız minnətdarlıq hissi ilə anılacaq.

Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Vətən müharibəsindəki tarixi zəfərin sadəcə Azərbaycanın deyil, bütün regionun həyatında yeni səhifə açdığını bildirib. C.Xəlilov qeyd edib ki, bu qələbə dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın özünəinam və qürur hissinin bərpası, mənəvi cəhətdən bütövləşməsi, öz güc və iradəsini bütün dünyaya nümayiş etdirməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Konfransda müxtəlif nəsillərin nümayəndələrinin iştirak etdiyini xatırladan sədr müavini bu qələbənin ümumxalq zəfəri olduğunu bildirib, ölkə başçısına, Azərbaycan ordusuna, hər zaman Ali Baş Komandanın və ordunun yanında olan Azərbaycan xalqına təşəkkür edib.

Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Daha sonra Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi vətənpərvərlik mövzusunda mahnılar ifa edib, xatirə şəkli çəkilib.

Mehparə ƏLİYEVA,

"Respublika".