Nəsillərə örnək qəhrəmanlar
Sosial həyat

Nəsillərə örnək qəhrəmanlar

Şəhidlik zirvəsinə yüksəlmək qəhrəmanlıqdır. Həyatda elə insanlar var ki, Vətən üçün, doğma xalqı üçün canından keçib adını tarixə öz qanı ilə yazır. Şəhid Ruslan İmanquliyev onlardan biri idi. O da başqaları kimi dünyaya gəldi, böyüdü, məktəbə getdi və nəhayət, müqəddəs borcunu yerinə yetirməyə - vətənin müdafiəsinə qalxdı, ilk gündən ön cəbhədə qulluq etməyə başladı.

Erməni faşistlərinin torpaqlarımızı işğal etmələri ilə heç cür barışa bilmir, qəlbi intiqam, qisas hissi ilə döyünürdü. Bir tərəfdən də erməni quldurları tez-tez atəşkəsi pozaraq bölgələrimizə hücum edirdilər.

Ruslan Natiq oğlu İmanquliyev 1996-cı il martın 14-də Sumqayıt şəhərində anadan olmuşdur. Ruslan kiçik yaşında olarkən atası ilə anası ayrılmışdır. Anası yeganə övlad olan Ruslanı təkbaşına böyütmüşdür. O, 2003-cü ildə Sumqayıt şəhər H.Aslanov adına 22 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmişdi. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmiş və 1 nömrəli Sumqayıt Şəhər Peşə Liseyinin Telekommunikasiya kompüter texnologiyasının operator ixtisasına yiyələnmişdir. O, 2015-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılır və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində çevik alay taborunda xidmət edir.

Ruslan İmanquliyev sevib-seçdiyi Elvina xanım ilə ailə qurmuşdur. Təəssüf ki, gənc ailənin səadəti cəmi 3 ay çəkib. Ruslan İmanquliyevin qəlbində olan vətən sevgisi onu yenidən 2019-cu il dekabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıtmağa sövq etmişdir. İmanquliyev Ruslan Natiq oğlu Pirəküşkül qəsəbəsində "N" saylı hərbi hissədə Tank əleyhinə tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlamışdır. O işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak etmişdir. 2020-ci il 27 sentyabrda başlamış II Qarabağ müharibəsində müharibə başladığı ilk gündən düşmənlə qarşı-qarşıya ön cəbhədə vuruşmuşdur. Torpaqlarımızın bütövlüyü uğrunda hərbi anda sadiq qalaraq mətinlik və mərdlik nümayiş etdirmişdir. Ruslan İmanquliyev 02.10.2020-ci ildə Füzuli istiqamətində son döyüşünə qatılmışdır. Bu döyüşlərdə qəhrəman övladımız şəhidlik zirvəsinə ucalır.

Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilən Ruslan İmanquliyevin vida mərasimində minlərlə insan iştirak edirdi.

Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamla vəzifə borcunu şərəflə yerinə yetirmiş Ruslan İmanquliyevin ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Valideynləri Sumqayıt şəhər Şəhidlər Xiyabanında uyuyan qəhrəman vətən oğullarının məzarları üzərinə tər çiçəklər qoydu. Şəhidlərin məzarları önündə çıxış edən valideynlər qürurla övladlarının vətən uğrunda həlak olduqlarını qeyd etdilər. Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Ruslan İmanquliyevin anası Ramiyə xanım oğlunun məzarı başında bu sözləri söylədi: "Mən fəxr edirəm ki, oğlum Ruslan Vətənə layiq oğul oldu. Qürur duyuram ki, Ruslan faşist ermənilərdən qisasımızı aldı. Bütün şəhidlərin anası kimi mən də südümü oğlum Ruslana halal edirəm. Nur içində yatasan şəhid balam! 44 günlük müharibədə zəfər qazandıq.

Allaha inam, haqq yolu, xalqımızın birliyi, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgərlərimizin şücaəti sayəsində bu qələbəni qazandıq.

Əsgərlərimiz Mübariz İbrahimovun qəhrəmanlığını təkrarladı, qanını yerdə qoymadı. Mübarizin getdiyi yol onlar üçün örnək oldu.

Məşdi Zeynalov,

Sumqayıt Şəhər Təhsil Şöbəsi Veteranlar təşkilatının sədri,

qabaqcıl maarif işçisi.