Nəsillərə örnək ömür
Region

Nəsillərə örnək ömür

O, şərəfli ömür yaşadı, Vətən müharibəsində qəhrəmanlıqla döyüşdü, şəhidlik zirvəsinə yüksəldi. Ömrü nəsillərə nümunə, örnək oldu. Emil Hümbətovun adı Şirvan şəhərində xüsusi qürur və iftixar hissi ilə çəkilir. Şəhidin anım günündə bütün bunlar bir daha vurğulandı. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov,  şəhər icra hakimiyyətinin məsul əməkdaşları,  ictimaiyyət nümayəndələri,  şəhidin ailə üzvləri və döyüş yoldaşları Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək  xatirəsini dərin ehtiramla yad etdilər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Emilin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib, Allahdan onlara səbir dilədi.  Azərbaycan Prezidenti,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı dövlət və xalq birliyinin yaratdığı Dəmir yumruğun düşmənin başını əzdiyini və qorxulu kabusuna çevrildiyini söylədi.  şəhidlərin hər birinin dəfnində onların valideynlərinin “Vətən sağ olsun” deməsi xalqımızın böyüklüyünün və qüdrətinin təcəssümüdür. İcra başçısı azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək bildirdi ki,  dövlət başçısının Birinci vitse-prezident,  Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara səfər etməsi, işğaldan azad olunmuş ərazilərdə yeni,  müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı,  gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətimizə inam və iftixar hissi yaradır.  İcra başçısı qələbədə payı olan Emil kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirdi.  Onlar haqqında gələcəkdə filmlər çəkiləcəyini,  kitablar yazılacağını vurğuladı.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan xalqının qüruru,  fəxri olan bütün şəhidlərimizin,  o cümlədən də Emilin xatirəsinin daim əziz tutulacağını söylədi.
Tədbir Şirvan Şəhər Gənclər Evində davam etdirildi.  “Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili” şöbəsinin müdiri,  şəhidin döyüş yoldaşı olan Elvin Balayev Hümbətov Emilin keçdiyi döyüş yolundan,  mərdliyindən,  şücaətindən söz açıb,  şəhər icra hakimiyyəti adından şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim etdi.  Sonda Hümbətov Emilin vaxtilə oxuduğu 9 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin hazırladığı bədii kompozisiya alqışlarla qarşılandı.     Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident,  Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Tofiq HÜSEYN, 

“Respublika”.