Nəsillərə örnək
Region

Nəsillərə örnək

Vətən müharibəsində şəhadətə yüksələn Şirvan şəhərinin qəhrəman oğullarından biri Qəribov Asif Səxavət oğlunun cənnətdəki ilk anım günü anadan olduğu, boya-başa çatdığı Şirvan şəhərində qeyd olunub.

Şəhər İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin rəhbər və məsul əməkdaşları, mətbuat və ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhid Asif Səxavət oğlu Qəribovun ailə üzvləri, yaxınları onun ad günü ilə əlaqədar öncə Şirvan Şəhidlər Xiyabanına gəldilər. Şəhidlərin əziz xatirəsini yad edib, ruhlarına dualar etdilər.

Tədbir iştirakçıları şəhid Asif Qəribovun məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə tər qərənfillər düzdülər. Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə olunan təşkilati dəstəkdən, mənəvi və maddi köməkliklərdən danışıb. Onların mənzil-məişət problemlərinin, sosial qayğılarının aradan qaldırıldığını, o cümlədən Şirvan şəhərində də şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edib.

Şəhid Asif Qəribovun ailəsinin yaşadığı fərdi evin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edildiyini, Şirvan Şəhidlər Xiyabanında “Şəhid anası” abidə kompleksinin inşasının tamamlandığını vurğulayıb.

Şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Daha sonra tədbir iştirakçıları şəhid Asif Qəribovun ailəsinin yaşadığı ünvanda inşa edilmiş Xatirə bulağının və lövhəsinin açılış mərasiminə qatıldılar. Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhidin təhsil aldığı 18 saylı məktəbin direktoru İsmayıl Yusubov, müəllimləri çıxış edərək şəhid haqqında xatirələrini bölüşüb, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən şəhidin igidliyinin və vətənpərvərliyinin gələcək nəsillərə örnək olacağı diqqətə çatdırılıb. Sonda şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və şəhid anası Mərmər Qəribova şəhidin xatirəsinə inşa edilən Bulağın və Xatirə lövhəsinin açılışını ediblər.

Tofiq HÜSEYN,

“Respublika”.