Nərə balıqlarının qanunsuz ovlanması ilə bağlı araşdırma aparılır
Digər xəbərlər

Nərə balıqlarının qanunsuz ovlanması ilə bağlı araşdırma aparılır

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Xəzər dənizində Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin olunması üzrə tədbirlər davam etdirilir.

Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, son günlər ərzində DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kiloqram 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkarlanıb.

Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb. Onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyənləşdirilib.

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

AZƏRTAC