Neft və milyonlar səltənəti Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev
Tarixi şəxsiyyətlər

Neft və milyonlar səltənəti Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev

O, Azərbaycanın görkəmli ictimai xadimi, ölkənin neft sənayesinin banilərindən biri olmaqla yanaşı, həm də xeyriyyəçi idi. Milli kadrların hazırlanmasında onun böyük rolu olmuşdur. Neft milyonçusu Hacı Zeynalabdin Tağıyev ölkədə incəsənət, jurnalistika, ümumiyyətlə təhsilin inkişafına böyük dəstək vermişdir.

Hacı Zeynalabdin Tağıyev 1838-ci il yanvarın 25-də Bakıda, İçərişəhərdə kasıb bir ailədə dünyaya gəlmişdir. Atası başmaqçı Məhəmmədtağı Tağıyev, anası Ümmü xanım Tağıyevadır. H.Z.Tağıyevin 10 yaşı olanda anası vəfat edir. Hələ kiçik yaşlarından zəhmətə alışan Zeynalabdini elə həmin il atası bənna yanında usta köməkçisi qoyur. On iki yaşında daşyonan balaca Zeynalabdin on beş yaşında artıq bənnalıq edirdi. Bir müddət sonra isə tikinti ustası və təşkilatçı kimi tanınır. Müəyyən qədər vəsait toplayaraq iyirmi yaşında ikən ev tikintisi və daşyonma işləri ilə məşğul olur və tikinti işlərinə özü birbaşa nəzarət edərmiş. Sonralar tikdirdiyi binalarda - özünün yaşadığı və açdırdığı Qızlar Məktəbinin binasında onun dəst-xətti hiss olunur. Hacı Zeynalabdin özünü ticarət və yüngül sənayedə də sınamış, uğur qazanaraq dükanlara və manufakturaya sahib olmuşdur. O, həmçinin Bakı neftini Xəzər dənizi və Qafqaz dəmiryolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan biri idi.

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda H.Z.Tağıyev də iki ortağı ilə birlikdə Bibiheybətdə icarəyə torpaq götürüb buruq quraraq quyu qazmağa başlayır. Lakin bütün səylərə baxmayaraq beş il quyulardan neft çıxarmaq mümkün olmur. Xərclərin artdığını, neftin isə çıxmadığını görən ortaqlar bu işdən əl çəkirlər. Hacı Zeynalabdin Tağıyev isə ortaqlarının qoyduğu sərmayəni qaytarmaq məcburiyyətində idi. Hacı inadından dönmür və işi davam etdirir. Nəhayət, 1878-ci ildə dörd quyudan birində neft fontan vurur. Neftin çıxması ilə onun gəlirləri sürətlə artmağa başlayır. Üç il sonra Balaxanıda və Bibiheybətdə yerləşən 30 desyatin neft verən torpaq, neft məhsullarının daşınması üçün iki şxun, Tsaritsında (indiki Volqoqrad), Nijni-Novqorodda, Moskvada anbarlar, iki ağ neft və sürtkü yağı zavodu Tağıyevin şirkətinə məxsus idi. Şirkətin illik səmərəliliyi 1 milyon barelə yaxın xam və emal edilmiş məhsul təşkil etmişdir.

O, Azərbaycanda ilk dəfə neftin distillə üsulu ilə çıxarılmasına nail olub. 1870-ci ildə Z.Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o, "Q.Z.A. Taqiev" şirkətini də yaradır. Həmin zamanlarda kerosinə böyük tələbat var idi. İki il sonra isə Tağıyev neft hasilatına yeni sərmayə qoyur və buruq üsulu ilə ilk neft quyusunu qazdırır. 1886-cı ildə şərikləri ilə birlikdə neft hasilatı və emalı firmasının əsasını qoyur, 1897-ci ildə isə öz şirkətini yaradır.

XX əsrin əvvəllərində H.Z.Tağıyev toxuculuq sənayesi ilə məşğul olur. O, Rusiyadan parça istehsal edən ən böyük zavodu inşa etdirir və "Xəzər Manufaktura Cəmiyyəti"ni təsis edir. 1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində bir ilk olur. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil etmişdir. Ticarət əməliyyatlarının daha səmərəli həyata keçirilməsi üçün yerli iş adamları ilə birlikdə 1914-cü ildə Bakı kommersiya bankını yaradır və bankın idarə heyətinin sədri seçilir. 1890-cı ildə balıq sənayesinə böyük sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olur. 1916-cı ildə isə "Tağıyevin balıq sənayesi səhmdar cəmiyyəti"nin əsası qoyulur. Azərbaycanda və Dağıstanda balıq sənayesinin inkişafı üçün soyuducular və emal zavodları tikdirir.

Bakıdakı müsəlman, rus, və yəhudi cəmiyyəti xeyriyyələri Hacı Zeynalabdin Tağıyevi özlərinə fəxri sədr seçmişdilər. Birdən-birə milyonlar səltənətinə düşməsi Tağıyevin başını gicəlləndirmir. O, gəlirinin böyük bir hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşmasına sərf edir. İstedadlı, bilikli gəncləri xaricdə öz hesabına təhsil almağa göndərir. Onun dəstəyi və maddi yardımı sayəsində yüzlərlə gənc İngiltərə, Almaniya, Rusiya və Fransada təhsil alırlar. Bu gənclər sırasında Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov da var idi. Müsəlman Şərqində ilk dünyəvi qız məktəbini Bakı şəhərində açır. O dövrdə qızlar üçün belə bir məktəbin açılması çox böyük hadisə idi. Hətta Da Bay adlı bir fransız Parisdə nəşr olunan kitabında Bakıda müsəlman qız məktəbinin açılmasını ağlasığmaz möcüzə adlandırmışdır. Çar üsul-idarəsi məktəbin açılmasına mane olur, cahil ruhanilər, qoçular isə qızların təhsil alması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Tağıyev çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Məqsədinə çatan Hacı məktəbə direktor olaraq böyük maarifçi alim, Azərbaycanda ilk qəzet - "Əkinçi"nin naşiri Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikovanı təyin edir. Məktəbə qəbul olunan 58 qızın 35-i yoxsul ailələrin övladları idi. Onların təhsil haqlarını, yemək və geyim xərclərini Tağıyev öz üzərinə götürmüşdür. Ardınca isə Mərdəkanda balıqçılıq məktəbi açır. Hacı Zeynalabdin Tağıyevin Bakıda tikdirdiyi teatr binasında ilk dəfə Azərbaycan klassik musiqisinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 25-də səhnəyə qoyulur. İndi həmin binada Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərir.

XX əsrin əvvəllərində Pakistanda taun epidemiyası sürətlə yayılır. Ölümcül xəstəlikdən 100 mindən çox insan dünyasını dəyişir. Xəstəliyə yalnız sağlam insanlara peyvənd vurmaqla qalib gəlmək olardı. Vəziyyətdən xəbər tutan Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti hesabına taun xəstəliyinə qarşı 300 min ampula vaksin alaraq Pakistana göndərir. Məhz bu dəstək səbəbilə milyonlarla pakistanlı yoluxucu xəstəlikdən xilas olur. 1947-ci ildə Pakistan müstəqillik qazandıqdan sonra Hacının bu xeyriyyə əməli dərsliklərə salınır. Zamanında qurulan dostluq, qardaşlıq münasibətləri bu gün də Azərbaycan-Pakistan arasında davam edir.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət dəyişir. İnsanların var-dövləti əlindən alınır. Hər şey Rusiyanın maraqları çərçivəsində həyata keçirilir. Malı-mülkü əlindən alınan milyonçu Tağıyevin köməyinə Nəriman Nərimanov çatır. N.Nərimanovun köməkliyi ilə Hacının əlindən alınmış mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evi ona qaytarılır. Ömrünün axırına kimi bu evdə yaşayan Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabr ayının 1-də vəfat etmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".