Neft hasilatı noyabrda 400 min barrel artırılacaq
İQTİSADİYYAT

Neft hasilatı noyabrda 400 min barrel artırılacaq

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında, gündəlik neft hasilatının noyabrda 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Energetika Nazirliyinin mətbuat sektorundan verilən məlumatda bildirilir ki, Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 71 min barrel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, "OPEC plus" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 mln. barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.

Respublikamızın turizm brendi Rusiya qatarlarında

Azərbaycan Turizm Bürosu Rusiyanın "Aeroexpress" şirkəti ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində "Aeroexpress" qatarları üzərində və vaqonların daxilində, eləcə də kassa bölməsində sərnişinlərdə ölkəmizə maraq yaradan turizm brendi vizualları, eləcə də həştəqlər yerləşdirilib.

Bundan əlavə, Domodedevo və Şeremetyevo beynəlxalq hava limanlarında yerləşən dəmiryolu vağzallarında Azərbaycanın zəngin turizm təkliflərini əks etdirən video təqdimat nümayiş etdirilir. Əməkdaşlığın 5 ay müddətində davam etdirilməsi planlaşdırılıb.

Azərbaycan Turizm  Agentliyinin verdiyi məlumata görə, yeni başlayan əməkdaşlıq haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid vurğulayıb ki, Rusiyanın ən işlək hava limanları ilə paytaxt mərkəzi arasında hərəkət edən "Aeroexpress" sərnişinlərini hədəf götürən kampaniya Azərbaycana turizm axınını artırmağa xidmət edir.

Neftin orta ixrac qiyməti artır

Hazırda neft-qaz qiymətlərinin bahalaşması gəlirlərin artmasına təkan verən hal kimi qiymətləndirilə bilər. Azərbaycanda istər neft olsun, istərsə də neft məhsulları valyuta gəlirlərinin formalaşmasında əsas amil olub.

Bu barədə Neft Araşdırmaları Mərkəzinin məlumatında bildirilir ki, neftin bahalaşması fonunda orta ixrac qiyməti 65 dollara yüksəlib. Cari il üçün istər dövlət büdcəsində, istərsə də Dövlət Neft Fondunun gəlirlərində Azərbaycan neftinin orta ixrac qiymətinin 40 dollar həcmində formalaşması proqnozlaşdırılmışdı. Maliyyə Nazirliyinin ilin birinci yarısına aid hesabatında birinci yarımildə Azərbaycan neftinin ixrac qiyməti 62 dollar olub. Sonrakı dövrdə neft qiymətlərinin 70, sentyabrda isə 80 dollara qədər çatması təbii ki, neftin orta ixrac qiymətinin 65 dollar ətrafında formalaşmasına gətirib çıxarıb. Artıq üçüncü rüb başa çatmaq üzrədir və oktyabrın ortalarına qədər çox güman ki, bununla bağlı yeni bir açıqlama olacaq.

Enerji tənzimləmə məsələləri ilə bağlı onlayn görüş

Azərbaycan Respublikasının Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və İsrailin Elektrik Qurumu (İEQ) arasında enerji tənzimləmə məsələləri ilə bağlı təcrübə mübadiləsi aparmaq üçün onlayn görüş keçirilib.

Qurumdan verilən məlumatda bildirilir ki, görüşdə Azərbaycan və İsrailin enerji bazarının dizaynı, bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi və hər iki qurum arasında gələcək əməkdaşlıqla bağlı ikitərəfli məsələlər müzakirə edilib. Tərəflər növbəti görüşlərin ekspertlər səviyyəsində keçirilməsinə dair razılığa gəliblər. Həmçinin görüşdə İsrailin enerji bazarı, elektrik sektorunda son aparılan islahatlar, xüsusən də istehsal, ötürülmə və paylanmanın şaquli olaraq inhisardan ayrılması barədə ümumi məlumat verilib.

Ceyhan terminalından 200-dən çox neft tankeri yola salınıb

“BOTAS İnternational Limited” (BİL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,72 mlrd. barelə yaxın neft yola salınıb.

Şirkətdən verilən məlumatda bildirilir ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir. Məlumatda qeyd olunur ki, hesabat dövründə terminaldan 4 864 tanker neft ilə yüklənilib və yola salınıb. Bu il (oktyabrın 1-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 148 891,78 min barel neft 205 tankerə yüklənilərək göndərilib.

Bəybala BƏYBALAYEV,

“Respublika”.