Nəcib təşəbbüs
Region

Nəcib təşəbbüs

Qədirbilən xalqımız torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsini daim əziz tutur. Şəhər və kəndlərimizdə, yaşayış məntəqələrində tez-tez qəhrəman şəhidlərin portretlərinə, onların şərəfinə ucaldılmış abidələrə, bulaqlara rast gəlirik.

Xaçmazın Qusarçay kəndində iş adamı Xanlar Eldarovun təşəbbüsü ilə araya-ərsəyə gələn “Şəhidlər bulağı” öz gözəl memarlıq üslubu ilə diqqət çəkir.  Kənd bələdiyyəsinin sədri Sadıq Alışov bu barədə danışaraq deyir ki,  I və II Qarabağ müharibəsində kəndimizin gəncləri də əsl igidlik nümunələri göstərmişlər. Onların 9 nəfəri ağır döyüşlər zamanı qəhrəmanlıqla həlak olmuşdur.  İndi hamı, böyükdən-kiçiyə şəhidlərə öz dərin ehtiramını bildirir. Şəhidlərin ildönümü mərasimlərində bütün kənd camaatı iştirak edirdi. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə kəndimizin baş  küçələrinə onların adını vermişik. İş adamı Xanlar Eldarov nəcib təşəbbüs göstərərək kəndin görkəmli yerində öz şəxsi vəsaiti hesabına “Şəhidlər bulağı” tikdirmişdir. Xeyirxah iş adamının bu sahədə atdığı ilk addım deyildir. Kənd məktəbinin qarşısındakı abidənin də yenidən qurulub təmir olunması ona məxsusdur.

“Zəfər günü” ərəfəsində “Şəhidlər bulağı”nın açılış mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər. Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun güc və qüdrətindən, qusarçaylı gənclərin qəhrəmanlığından danışıblar. Şəhid anaları çıxış edərək ailələrinə göstərilən qayğı və diqqətə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.