NDU ilə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında birgə əməkdaşlığa dair protokol imzalanıb
Digər xəbərlər

NDU ilə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında birgə əməkdaşlığa dair protokol imzalanıb

Birinci Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında birgə əməkdaşlığa dair protokol imzalanıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ikitərəfli görüşdə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyevi və nümayəndə heyətini salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, artıq 55 illiyi qeyd edilən universitetə ulu öndər Heydər Əliyevin 2002-ci il 12 iyun tarixli Sərəncamı ilə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilib. Rektor qonaqlara ali təhsil ocağının malik olduğu imkanlar, fakültələr, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələr haqqında geniş məlumat verib. O, xarici universitetlərlə ikili diplom layihəsinin, tələbə-müəllim mobilliyinin ali təhsil ocağının beynəlxalq əlaqələr sistemində mühüm rol oynadığını diqqətə çəkib. Elbrus İsayev ali təhsil ocağının Web of science indeks bazalarına malik jurnallarla əməkdaşlığa başladığını da qeyd edib. Vurğulayıb ki, bu cür əlaqələrin qurulması gələcəkdə professor-müəllim heyətinin öz elmi məqalələrinin nüfuzlu jurnallarda nəşri üçün əhəmiyyətli rol oynayacaq.

Rektor qeyd edib ki, Tibb fakültəsində təhsil alan tələbələr universitet xəstəxanasında təcrübə keçməklə bərabər, muxtar respublika xəstəxanalarından klinik baza kimi istifadə edirlər. Gələcəyin həkimləri Türkiyə universitetləri ilə bağlanan müqavilələrə əsasən orada təcrübə keçir, qardaş ölkə universitetlərinin təcrübəsindən yararlanırlar.

NDU-da olmaqdan məmnunluğunu bildirən İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev bu cür mötəbər foruma ev sahibliyi etdiyi üçün ali təhsil ocağının kollektivini təbrik edib, I Beynəlxalq Tibbi Forumun yüksək səviyyədə təşkilindən danışıb. Rektor rəhbəri olduğu universitetin əsasının 2015-ci il mayın 15-də qoyulduğunu qeyd edib. Vurğulayıb ki, filial Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında yaradılıb və ilk tədris ilində filialda dövlət sifarişi əsasında 100 tələbə Müalicə işi ixtisası üzrə təhsil almağa başlayıb. Filialda tədris fəaliyyəti İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

Əziz Əliyev gələcək həkimlərin praktiki vərdişlərinin yaxşılaşdırılması və mütəxəssislərin təkmilləşdirilməsi məqsədilə filialın bazasında yaradılmış Simulyasiya Mərkəzinin fəaliyyətindən də danışıb.

Professor muxtar respublika xəstəxanalarında apardığı müayinə üsullarından söz açaraq Naxçıvan səhiyyə sistemində mövcud avadanlıqların yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, həkimlərin də yüksək səy və həvəslə öyrənməyə meyilli olduqlarını vurğulayıb.

Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub, protokol imzalanıb. Protokolda birgə layihələrin həyata keçirilməsinə dəstək, məlumatın təqdim edilməsi və mübadiləsi, elmi-təcrübi konfransların, forumların, seminarların təşkili və onlarla birgə iştirak, ictimai təşkilatlarla və ekspert cəmiyyəti ilə qarşılıqlı əlaqə, təcrübəyə və ya təcrübəyə göndərilmə və qəbul, digər əməkdaşlıq növləri üzrə məsələlər öz əksini tapıb.

AZƏRTAC