Nazir Pərviz Şahbazov: Güclü Azərbaycan-Türkiyə enerji birliyi tarixi zərurət, regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantıdır
MÜSAHİBƏLƏR

Nazir Pərviz Şahbazov: Güclü Azərbaycan-Türkiyə enerji birliyi tarixi zərurət, regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantıdır

Azərbaycan-Türkiyə II Enerji Forumu Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərində enerji əməkdaşlığının gücləndirilməsinə və qlobal çağırışlara uyğun inkişafına xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov İstanbulda keçirilən Forumda çıxışı zamanı deyib.

Güclü Azərbaycan-Türkiyə enerji birliyinin tarixi zərurət, regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantı olduğunu söyləyən nazir bildirib ki, xüsusilə, enerji böhranı şəraitində TANAP və TAP təchizatda etibarlılıq rəmzinə çevrildi. Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin davamlı təminatında strateji maraq kəsb edən ölkələrdir.

Nazir deyib: "Mürəkkəb geosiyasi və enerji böhranı reallıqlarında Azərbaycan və Türkiyənin getdikcə artan belə geostrateji rolu dövlət başçıları - Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın bir-birinə sarsılmaz inam və güvənlə yürütdükləri siyasətin, onların timsalında Azərbaycan və Türkiyənin birləşmiş gücünün təcəssümüdür".

TANAP-ın Türkiyə üçün hazırkı və dəhlizin genişləndirilməsi ilə artacaq əhəmiyyətindən də bəhs edilib. 2018-ci ilin iyul ayından bu ilin oktyabrınadək Türkiyənin TANAP-la 18 milyard kubmetr təbii qazla təchiz edildiyi, 2022-ci ilin 9 ayında bu ölkəyə tədarük olunan 6.1 milyard kubmetr qazın 4.2 milyard kubmetrinin məhz bu boru kəməri ilə nəql edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, 2023-cü ilə Azərbaycandan Türkiyəyə qaz ixracı 9.3 milyard kubmetrə çatacaq. Nazir, həmçinin deyib ki, Azərbaycandan elektrik enerjisi Zəngəzur dəhlizi vasitəsilə həm Türkiyəyə ixrac edilə, həm də Avropaya ötürülə bilər. Bununla, neft, təbii qazdan sonra elektrik enerjisi ilə də Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin təminatında mövqelərini daha da möhkəmləndirmiş olacaq.

AZƏRTAC