Nazir Leo Dokerti:  Azərbaycan-Böyük Britaniya münasibətləri dinamik inkişaf edir
Siyasət

Nazir Leo Dokerti:  Azərbaycan-Böyük Britaniya münasibətləri dinamik inkişaf edir

Fevralın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Söhbət zamanı neft, qaz, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlığın perspektivləri, təhsil və humanitar sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında qarşılıqlı inama və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin dinamik şəkildə inkişaf etdiyini, rəsmi təmasların və yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir ölkələrimiz arasında enerji sahəsində əlaqələrin xüsusi əhəmiyyətini diqqətə çatdıraraq Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyasli enerji layihələri haqqında ətraflı məlumat verib. Onların Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolunu vurğulayıb. Böyük Britaniyanın şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluq ifadə olunub. Eyni zamanda, Birləşmiş Krallığın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni, bu ərazilərin yenidən qurulması və bərpası işlərində onların yaxından iştirak niyyətləri təqdir olunub. Ölkələrimiz arasında təhsil sahəsində uğurlu əməkdaşlığın daha da inkişafının vacib olduğu bildirilib.

Görüş zamanı tərəflər Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi məlumatlandıran nazir Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə ətraflı məlumat verərək həyata keçirilən etirazların Laçın yolunun sui-istifadəsinə və qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı olduğunu, həmçinin blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfə məlumat verilib.

Bununla yanaşı, ölkəmizin sülh sazişinin imzalanması təşəbbüsü, bu istiqamətdə səyləri barədə qarşı tərəf məlumatlandırılıb. Sülh sazişi üzrə dekabrda keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistanın iştirakdan imtina etməsinə və prosesə yaratdığı maneələrə baxmayaraq, ölkəmizin prosesə sadiq qalaraq sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirdiyi diqqətə çatdırılıb. Ermənistanın destruktiv mövqeyindən çəkinərək, danışıqlar masasına geri qayıtmasının zəruri olduğu vurğulanıb.

Böyük Britaniyanın dövlət naziri Leo Dokerti öz növbəsində ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu və Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının vacib olduğunu, bu istiqamətdə Birləşmiş Krallığın dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.