Nazir Gəncədə erməni terroru nəticəsində valideynləri şəhid olmuş azyaşlı Nilayla, şəhid olmuş azyaşlı Narının yaxınları ilə görüşüb
Sosial həyat

Nazir Gəncədə erməni terroru nəticəsində valideynləri şəhid olmuş azyaşlı Nilayla, şəhid olmuş azyaşlı Narının yaxınları ilə görüşüb

Gəncə şəhərində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevlə birgə ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edib.

Ermənistanın 2020-ci il oktyabrın 11-də növbəti müharibə cinayəti törədərək, döyüş zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binasını ağır artilleriya silahlarından atəşə tutmasından bir il ötür.  

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, S.Babayev Ermənistanın insanlığa qarşı dəhşətli cinayəti olan həmin terror aktı nəticəsində dağılmış ərazidə olub. Qanlı erməni terroru zamanı şəhid olan dinc sakinlərin xatirəsinə ehtiram olaraq dağılmış yaşayış binasının ətrafına gül dəstələri qoyulub. Nazir bir il əvvəl Gəncədə erməni terroru nəticəsində on aylıqkən şəhid olan Narın Xalıqovanın yaxınları və erməni terroru zamanı hər iki valdeyni, digər bir neçə qohumu şəhid olmuş 3 yaşlı Nilay Əliyeva, onun birgə yaşadığı qohumları ilə görüşüb. O, hər iki ailəni evlərində ziyarət edərək sosial vəziyyətləri ilə maraqlanıb. S.Babayev həmin ailələrin sosial müdafiəsi istiqamətində müvafiq işlərin görüldüyünü, bundan sonra da onların yaşayışının diqqətdə saxlanacağını bildirib.

“Respublika”.