Nazir Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffar ilə görüşüb
SİYASƏT

Nazir Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffar ilə görüşüb

Yanvarın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycan və Malayziya arasında əlaqələrin inkişafından məmnunluqla bəhs edib və dost Malayziya ilə mövcud olan siyasi dialoqun tərəfimizdən yüksək qiymətləndirildiyini bildirib. O, Malayziyanın həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvilərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi birmənalı dəstəyi minnətdarlıqla vurğulayıb. Xüsusilə, 44 günlük müharibə dövründə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə Malayziyanın dəstəyinin tərəfimizdən yüksək dəyərləndirildiyi qeyd edilib.

Nazir müavini Kamarudin Caffar Azərbaycana səfəri çərçivəsində Milli Məclis sədrinin müavini, habelə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Xarici siyasət məsələləri şöbəsinin müdiri ilə keçirilmiş ikitərəfli görüşlərdən məmnunluqla bəhs edib. O, iki ölkə arasında son 30 ilə yaxın bir müddətdə əlaqələrin çox yaxşı inkişaf etdiyini söyləyib və bu əlaqələrin daha da inkişafı üçün konkret sahələr üzrə birgə fəaliyyətin irəli aparılmasının vacib olduğunu vurğulayıb.

Tərəflər iki ölkə arasında iqtisadi, ticarət, enerji, o cümlədən alternativ enerji mənbələri, habelə humanitar, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, 44 günlük müharibə nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə üzləşdiyimiz mina təhdidi və bu təhlükə ilə aparılan mübarizə barədə danışıb. Nazir, həmçinin həmsöhbətinə münaqişədən sonrakı bərpa və quruculuq işləri, azad olunmuş ərazilərdə sürətlə davam edən infrastruktur layihələri barədə məlumat verib və yaxın zamanlarda ilk məcburi köçkün ailələrinin öz evlərinə geri dönüşünün şahidi olacağımızı qeyd edib.

Görüşdə tərəflər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC