Nazir Ceyhun Bayramov: Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsində artım müşahidə edilir
MÜSAHİBƏLƏR

Nazir Ceyhun Bayramov: Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsində artım müşahidə edilir

Ölkələrimiz arasında ticarət dövriyyəsində artım müşahidə edilir. Azərbaycanla Serbiya arasında münasibətlərin inkişafı bundan sonra da davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviçlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Görüşdə ticarət dövriyyəsinin bundan sonra da artırılması istiqamətində müzakirələrin aparıldığını qeyd edən nazir bildirib ki, iyulun 27-də Azərbaycan ilə Serbiya arasında Hökumətlərarası Komissiyanın iclası olacaq, daha sonra isə biznes forum keçiriləcək.

“Ölkəmiz torpaqlarını işğaldan azad edəndən sonra bölgədə yeni vəziyyət yaranıb, həmin ərazilərin bərpası ilə bağlı böyük işlər həyata keçirilir. Bu istiqamətdə də müzakirələr apardıq. Eyni zamanda, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu”, - deyə Ceyhun Bayramov vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan regionda dayanıqlı sülhün və əmin-amanlığın təmin edilməsi üçün lazımi işləri görür, sülh müqaviləsi ilə bağlı zəruri addımlar atır. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi bu məsələdə konstruktiv mövqe nümayiş etdirmir. Ermənistan Azərbaycanın xoşməramlı məramına qarşılıqlı münasibət göstərmir. Bu yanaşma regionda sülh və tərəqqiyə zərbə vuran addımdır. Hər kəs başa düşməlidir ki, dayanıqlı sülh üçün yeni “ixtiralara” ehtiyac yoxdur. Yaranmış vəziyyətdən düzgün istifadə etməklə, beynəlxalq qanunlara əməl etməklə regionda dayanıqlı sülhü bərqərar etmək mümkündür.

AZƏRTAC