Nazir beynəlxalq Forumda iştirak edib
İQTİSADİYYAT

Nazir beynəlxalq Forumda iştirak edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib. Bir sıra ölkələrin hökumət rəsmilərinin, beynəlxalq təşkilatlar və neft-qaz şirkətləri rəhbərlərinin, nüfuzlu tədqiqat və media nümayəndələrinin qatıldığı Forumda ənənəvi və bərpaolunan enerji mənbələrindən istifadə, energetika sahəsində beynəlxalq əməkdaşlığın yeni istiqamətləri, karbon neytrallığı, enerji keçidi və bir çox digər aktual mövzular müzakirə edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, nazir “Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?” adlı sessiya üzrə müzakirələrdə iştirak edib.

Energetika naziri “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Nikolay Şulqinovla ayrı-ayrılıqda baş tutan görüşlərdə neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Əbdüləziz bin Salman Əl Səud ilə keçirilən görüşdə “OPEC plus” razılaşmasının perspektivləri barədə fikir mübadiləsi aparılıb, “OPEC plus” ölkələri arasında konsensusun bazarın balanslaşdırılmasında həlledici rolunun praktiki nəticələri qeyd edilib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə baş tutan görüşdə iki ölkə arasında neft, qaz, “yaşıl enerji” sahələrində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib, ölkələrin enerji tənzimləyici qurumları arasında mövcud əlaqələrin inkişafına dəstək ifadə olunub.

Bəybala BƏYBALAYEV,

“Respublika”.