Nazir: Azərbaycan ilə Gürcüstan arasında enerji sahəsində nümunəvi əməkdaşlıq mövcuddur
MÜSAHİBƏLƏR

Nazir: Azərbaycan ilə Gürcüstan arasında enerji sahəsində nümunəvi əməkdaşlıq mövcuddur

Azərbaycan ilə Gürcüstan arasında çoxşaxəli əməkdaşlıq var. Enerji sahəsində əməkdaşlıq da burada xüsusi rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Tbilisidə səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Tbilisidə keçirilən görüşlərdə hazırda iki ölkənin bilavasitə iştirakı ilə həyata keçirilən enerji layihələri müzakirə olunub. Eyni zamanda, yeni layihələr üzərində də fikir mübadiləsi aparılıb.

Nazir deyib ki, Azərbaycan ilə Gürcüstan arasında elektrik enerjisi, o cümlədən təbii qazın təchizatı sahəsində nümunəvi bir əməkdaşlıq var.

Ötən illər ərzində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də Cənub Qaz Dəhlizi layihələrinin həyata keçirilməsində Azərbaycan ilə Gürcüstan böyük təcrübə qazanıblar. Bu təcrübə əsasında əməkdaşlığı gələcəkdə bir qədər də genişləndirmək və məxsusi olaraq elektrik enerjisi sahəsində həyata keçirmək niyyətindəyik.

AZƏRTAC