Natalya Koçanova: Azərbaycan Belarus üçün adi tərəfdaş deyil, yaxın dostdur
Digər xəbərlər

Natalya Koçanova: Azərbaycan Belarus üçün adi tərəfdaş deyil, yaxın dostdur

Azərbaycan Belarus üçün adi tərəfdaş deyil, yaxın dostdur. AZƏRTAC Belta agentliyinə istinadla xəbər verir ki, Belarus Respublika Şurasının sədri Natalya Koçanova bu sözləri Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev ilə görüşdə söyləyib.

N.Koçanova deyib: "Azərbaycan Belarus üçün adi tərəfdaş deyil, yaxın dostdur. Bu ölkə ilə bizi dostluq münasibətləri, iqtisadi, siyasi və humanitar əlaqələr bağlayır. Bu qarşılıqlı əlaqələr bizdən ötrü çox vacibdir, çünki biz ən müxtəlif səviyyəli beynəlxalq təşkilatlarda Azərbaycanın dəstəyini hiss edirik. Həqiqi tərəfdaşlar, əsl dostlar belə də etməlidir. Əlbəttə, ölkələrimiz arasında bu cür xoş münasibətlər çox cəhətdən prezidentlərimizin sayəsində yaranıb".

Belarus ilə Azərbaycan arasında intensiv siyasi dialoq prosesi getdiyini vurğulayan spiker deyib: "İndiki mürəkkəb zəmanədə ölkələrimiz arasında münasibətlər daha sıx, daha səmərəli olmalıdır. Biz şadıq ki, parlamentlərarası işçi qrup fəaliyyət göstərir. Əlbəttə, parlamentarilərin qarşılıqlı əlaqələri daha sıx olmalıdır. Fikrimcə, Azərbaycan və Belarus parlamentariləri arasında görüşlərin, qarşılıqlı səfərlərin bərpası buna kömək edəcək. Biz baş verən prosesləri eyni şəkildə anlayırıq, bir-birimizi dəstəkləyirik və əməkdaşlığı fəallaşdırmaq üçün nə lazımdırsa edəcəyik. 2021-ci ilin 10 ayı ərzində əmtəə dövriyyəsinin həcmi 442 milyon ABŞ dollarına bərabər olub. Bu, heç də pis göstərici deyil".

Natalya Koçanova qeyd edib ki, Belarus tərəfi Azərbaycan parlamentariləri ilə konstruktiv və səmərəli dialoqun tərəfdarıdır. O deyib: "Azərbaycan Parlamentinin rəhbərinin, həmçinin həmkarlarımız olan parlamentarilərdən ibarət nümayəndə heyətlərinin Belarusa səfərinə şad olarıq. Belə səfərlər xalqlarımızın və ölkələrimizin xeyrinə olar".

Səfir Ülvi Baxşəliyev Respublika Şurasında görüş təşkil edildiyinə görə minnətdarlığını bildirərək deyib: "Bu ölkədə səfir kimi olmağıma çox şadam. Prezidentlərimiz bizim qarşılıqlı münasibətlərə təkan verdiklərinə görə onlara təşəkkür edirik. İkitərəfli gündəlikdə olan məsələləri reallaşdırmağa çalışmalıyıq. Nizami Gəncəviyə abidə qoyulması məsələsinin həllinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Məlumat üçün deməliyəm ki, abidə artıq hazırdır və yaxın vaxtlarda onun açılışı olacaq. Bu məsələdə Minsk şəhər İcraiyyə Komitəsi ilə sıx əlaqə saxlamışıq. Minsk çox gözəl şəhərdir və fikrimcə, həmin abidə Belarus paytaxtının bəzəyi olacaq".

AZƏRTAC