Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilə dair İş Planı təsdiq edilib
Digər xəbərlər

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilə dair İş Planı təsdiq edilib

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin səmərəliliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov tərəfindən Komissiyanın 2022-ci ilə dair İş Planı təsdiq edilib və icraya yönəldilib.

Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, İş Planının elektron forması Komissiyanın saytının "Sənədlər" bölməsində yerləşdirilib.

İş Planında Dövlət Komissiyasının "802 - Qaynar xətt" telefon xidmətinə daxil olan vətəndaş müraciətləri ilə bağlı müvafiq tədbirlərin operativ qaydada görülməsi, narkotikdən sui-istifadə edənlərin aşkarlanması metodlarının təkmilləşdirilməsi, narkotik asılılığın patogenezinə əsaslanan yeni müalicə üsullarının işlənilməsi üzrə tədqiqatların aparılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ölkəyə gətirilməsinin və qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi məsələləri əksini tapıb. Planda, həmçinin regionlarda müzakirələrin aparılması, vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi, belə tədbirlərə din xadimlərinin cəlb edilməsi, müvafiq qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi məsələlərinə də xüsusi yer verilib.

İl ərzində bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi, təhsil müəssisələrində zəruri təbliğat işinin aparılması, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı teatr tamaşalarının, bədii, sənədli və animasiya filmlərinin hazırlanması, anti-narkotik təbliğat işlərinin təşkilində könüllülərin potensialından səmərəli istifadə edilməsi, tanınmış ictimai və din xadimlərinin, incəsənət və idman ustalarının iştirakı ilə kütləvi tədbirlərin təşkili də nəzərdə tutulur.

Bundan başqa, İş Planında 26 iyun - Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması, narkomanlıq və onun fəsadları barədə kütləvi informasiya vasitələrində daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması üçün narkomanlığın spesifik cəhətləri ilə bağlı jurnalistlər üçün təlim kurslarının təşkili və digər mühüm məsələlər də yer alıb.

AZƏRTAC