“Narkomaniyaya yox deyək
Digər xəbərlər

“Narkomaniyaya yox deyək" mövzusunda tədbir

BMT-nin hesablamalarına görə, dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu, 15-64 yaş arası dünya əhalisinin təqribən 5 faizini təşkil edir.

Bu səbəbdən də cəmiyyəti məhvə aparan bu bəlaya qarşı istər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Yalnız tibb işçiləri deyil, cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər.

İctimai maarifləndirmənin genişləndirilməsi məqsədilə təbliğat işində sosial reklamların mühüm rol oynadığını nəzərə alaraq Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən "Narkomaniyaya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir", "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək" şüarları altında hazırlanan mətnlər reklam lövhələrində yerləşdirilib və uzunmüddətli nümayişi nəzərdə tutulub. Bundan əlavə, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videoçarx hazırlanıb.

Bu məqsədlə, Qəbələ Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində mərkəzin və rayon təhsil şöbəsinin nümayəndələrinin, gənclərin iştirakı ilə keçirilən tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verib. Çıxış edənlər gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın mənfi nəticələrini və ölkənin hər yerində narkomaniyaya qarşı ciddi mübarizənin aparıldığını qeyd ediblər. Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb.

M.QULUYEV,

"Respublika".